Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni üsul “3D” printerdə çap edilən obyektlərin formasını dəyişəcək


Son vaxtlaradək üçölçülü printerdə (3D) çap edilən obyektin formasını və ya xüsusiyyətini dəyişmək qeyri-mümkün olub. Lakin Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları çap edilən polimerlərin formasını dəyişmək üçün yeni üsul kəşf etməyə nail olublar.  

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, bu məqsədlə mütəxəssislər bir neçə obyekti eyni obyektdə birləşdirməyə, onları yumşaq etməyə və s. imkan verən göy rəngli işıq diodlarından istifadə ediblər. Proses zamanı xüsusi manomer maddəsi əlavə edildikdə, temperaturu dəyişməklə çap edilən obyektin ölçüsünü kiçiltmək və ya böyütmək olar.

Göy işıq diodlarından istifadə edən reaksiyanın işə salınması üçün polimerləri oksigensiz mühitə yerləşdirmək lazımdır ki, bunu da ev şəraitində etmək asan deyil. Hazırda tədqiqatçılar oksigenin mövcudluğu ilə işləyə bilən polimerlərin forma və xüsusiyyətlərini dəyişdirməyə imkan verən digər katalizatorların axtarışı ilə məşğuldurlar.

Alimlərin planları həyata keçiriləcəyi təqdirdə keyfiyyətsiz və ya düzgün çap edilməyən materialları asanlıqla tələb olunan formaya salmaq, eləcə də bir neçə obyekti bütöv konstruksiyada birləşdirmək mümkün olacaq.

Nizam Nuriyev 





19/01/17    Çap et