Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ilk kvant telekommunikasiya peyki istismara verilib


Çin mütəxəssisləri bu yaxınlarda orbitə çıxarılan dünyanın ilk kvant telekommunikasiya peykini istismara veriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science www.naked-science.ru” resursuna istinadən yazır ki, “Micius” (Mo-szı) adlanan peyk yanvarın 18-də silsilə sınaqlar uğurla başa çatdıqdan sonra istismara verilib. Test proqramına peyk platformasının iş qabiliyyətinin yoxlanılması, yükləmə ilə sınaq və kosmik aparatın yerüstü komplekslərlə müxtəlif rabitə kanallarının yoxlanılması kimi aspektlər daxil olub. Aparatın əvvəlcədən ötən ilin noyabrında istismara verilməsi nəzərdə tutulsa da, sonradan vaxt dəyişdirilib.
 
Çin Elmlər Akademiyasının nümayəndəsi akademik Pan Tsyanvey bildirib ki, peykin bütün sistemləri normal fəaliyyət göstərir. Hər şey çinli alimlərin planlaşdırdığı kimi getsə, 2030-cu ilədək qlobal kvant rabitə şəbəkəsi yaradıla bilər ki, bu da Çini bu sahədə mütləq dünya lideri edəcək.

2011-ci ildə hazırlanmasına başlanılan “Micius” kosmik aparatı ötən ilin avqustunda buraxılıb. 600 kiloqramlıq “CZ-2D” raketdaşıyıcısı vasitəsilə buraxılan peyk orbitdə 500 km hündürlükdə yerləşir.
Kvant telekommunikasiya peyki ilk məlumatları 2016-cı ilin avqustunda buraxıldıqdan sonra ötürüb. O vaxt yerüstü stansiyalara 202 meqabayt tutumlu məlumat yaxşı keyfiyyətdə ötürülüb.

Qeyd edək ki, Heyzenberq qeyri-müəyyənlik prinsipindən istifadə edən kvant şəbəkələr adi məlumat şifrləmə üsulları ilə müqayisədə aşkar üstünlüyə malikdirlər. Belə ki, üçüncü kənar şəxs məlumat kanallarına daxil ola bilmir, çünki kvant rabitə kanalına müdaxiləyə cəhd göstərildiyi təqdirdə həmin an ötürülən informasiya dərhal məhv edilir.  

Nizam Nuriyev 





19/01/17    Çap et