Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhlükəsiz İnternet Günü və Məlumatların Mühafizəsi Günü münasibəti ilə tədbir keçirilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin dəstəyi ilə Təhlükəsiz İnternet Günü və Məlumatların Mühafizəsi Günü münasibəti ilə tədbir keçirilib.
 
 "Yaxşı İnternet üçün birləşək" şüarı altında Elektron Hökumət Təlim-Tədris Mərkəzi MMC-də keçirilən tədbirdə RYTN, Bilik Fondu, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib, MMC-nin Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələ Təlim-Tədris Mərkəzləri, eləcə də həmin mərkəzlərə cəlb edilmiş şagird və müəllimlər tədbirə video-konfrans vasitəsilə qoşulublar.
 
 Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elektron Təhlükəsizlik Mərkəzi və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin nüma­yən­dələri çıxış ediblər.
 
Çıxışlarda qeyd edilib kigənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq məqsədilə, Avropa Təhlükəsiz İnternet Mərkəzləri şəbəkəsi "INSAFE" tərəfindən 2004-cü ildə Təhlükəsiz İnternet Günü təsis edilib. Hər il fevral ayının 2-ci həftəsinin 2-ci günü müxtəlif şüarlar altında dünyanın yüzdən çox ölkəsində Təhlükəsiz İnternet Günü ilə bağlı maarifləndirmə xarakterli tədbirlər keçirilməkdədir.
  
Məlumatların Mühafizəsi Günü isə Avropa Şurasının təşəbbüsü ilə 2007-ci ildən 28 yanvar tarixində qeyd edilməkdədir. Məlumatların Mühafizəsi Gününün məqsədi geniş əhali kütləsinə şəxsi həyatın və fərdi xarakterli məlumatların mühafizəsinin vacibliyini aşılamaq, habelə şəbəkə istifadəçilərini onların virtual və real həyatlarının təhlükəsizliyinin təmin edilməsi üzrə təlimatlandırmaqdır.
  
Bildirilib ki, RYTN tərəfindən informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə 2010-cu ildən həm Təhlükəsiz İnternet Günü, həm də Məlumatların Mühafizəsi Günü ilə bağlı aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin nümayəndələrinin məruzəçi və dinləyici qismində iştirakı ilə, habelə gənclər və uşaqların aktiv şəkildə cəlb edilməsi ilə maarifləndirici tədbirlər keçirilir. Bu tədbir də onlardan biridir.
 
 Mövzu üzrə təqdimatlardan sonra tədbir şagirdlərin interaktiv sual-cavab sessiyaları ilə başa çatıb.













07/02/17    Çap et