Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” MMC üzrə ən peşəkar əməliyyatçı və poçtalyon məlum oldu


“Azərpoçt” MMC-də “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 130 illiyi” ilə əlaqədar müəssisənin struktur tərkibinə daxil olan filiallarda fərqlənən əməliyyatçı və poçtalyonların ən peşəkarının müəyyənləşdirilməsi məqsədilə müsabiqə keçirilib.

Ayrı-ayrı nominasiyalar üzrə suallara cavab verən iştirakçıların nəticələri elə müsabiqənin sonunda məlum oldu.

Belə ki, yekun nəticəyə görə, 1 saylı poçt filialının 25 saylı poçt şöbəsinin əməliyyatçısı Rahilə Rəhimova ən peşəkar əməliyyatçı, eyni filialın 10 saylı poçt şöbəsinin poçtalyonu Məmmədəli Rüstəmov ən peşəkar poçtalyon nominasiyalarının qalibi olublar.

Qaliblər “Azərpoçt” MMC-nin “Fəxri Fərman”ı və “Azərpoçt” MMC-nin istehlak fondu hesabına mükafatlandırılacaq.

Qeyd edək ki, “Azərpoçt”MMC üzrə elan edilən peşəkarlar Naxçıvan MR RİTN-in keçirdiyi müsabiqənin qalibləri ilə üz-üzə gələcəklər və bu qarşılaşmanın birinciləri respublika üzrə ən peşəkar əməliyyatçı və poçtalyon elan ediləcəklər.




03/10/11    Çap et