Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 8” smartfonunun çertyoju internetə sızdırılıb


Bloqer Sonni Dikson “Twitter” sosial şəbəkəsində öz səhifəsində yeni “iPhone 8” korpusunun sxemini dərc edib. Şəkildə smartfonun arxa qapağı təsvir edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, sxemin şəklinə əsasən söyləmək olar ki, “Touch ID” barmaq izi skaneri arxa qapağa keçiriləcək. “Pacific Crest Securities” şirkətinin analitiki Endi Xarqrivz düşünür ki, “Apple” şirkəti skanerin smartfonda displeyin alt hissəsinə inteqrasiyası problemilə üzləşdiyinə görə ondan imtina edə bilər.

Çertyoja əsasən, smartfon virtual reallıq məzmununun çəkilişi üçün şaquli istiqamətdə yerləşmiş ikiqat kamera ilə təchiz ediləcək. Həmçinin telefonun korpusunun ölçüləri məlumdur: hündürlüyü 149,5 mm, eni 72,5 mm. Şayiələrə görə, “iPhone 8” smartfonunun qalınlığı 8,6 mm təşkil edəcək.

Şirkətin son patentlərinə əsasən, “iPhone 8” smartfonunun korpusu maye metaldan düzəldiləcək. Maye metal sirkonium, titan, nikel, mis və başqa metalların xüsusi ərintisidir və strukturuna görə şüşəyə oxşayır. Amma çox möhkəmdir, korroziyaya qarşı davamlıdır.

Emil Hüseynov





22/04/17    Çap et