Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın ilk regional Data Mərkəzi Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartı ilə təltif edilib


Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC dünya üzrə yüzdən artıq ölkədə fəaliyyət göstərən və sertifikatlaşdırma xidmətləri göstərən Norveçin "DNV GL" şirkəti tərəfindən həyata keçirilən müstəqil auditin nəticələrinə görə "ISO 27001" Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartına layiq görülüb.   
 
Aktivində artıq "ISO 20000" sertifikatı olan "AzInTelecom" "ISO 27001" sertifikatı ilə informasiya təhlükəsizliyini və məlumat mübadiləsinin təkmilləşdirilməsini, eləcə də, idarəçilikdə şəffaflığı stimullaşdıracaq.  
 
Standartın xarakteristikasına əsasən, "AzInTelecom"un Data Mərkəzi və onun texniki imkanları informasiya təhlükəsizliyi standartlarına tam uyğundur. Bu o deməkdir ki, "AzInTelecom"un Data Mərkəzində yerləşdirilən məlumatlar kompleks təhlükəsizliklə təmin olunmaqla yanaşı, (24/7 rejimində fiziki və virtual təhlükəsizlik), sözügedən məlumatlara müştəri tərəfindən çıxış da avtomatlaşdırılaraq beynəlxalq standartlara uyğunlaşdırılıb. Eyni zamanda, beynəlxalq standart və prinsiplər biznes proseslərinin idarə olunmasına da şamil olunub.
 
"TIER III" beynəlxalq sertifikatına malik "AzInTelecom"un Data Mərkəzində "bulud" texnologiyalarına əsaslanan "İnfrastruktur xidmət kimi" (İaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, "backup" və digər) təklif olunur. Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn  "İaaS" xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün "www.datamerkezi.az" veb səhifəsindən istifadə edə bilərsiniz. 







17/07/17    Çap et