Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS” əməliyyat sisteminin yeni versiyası çıxıb


“Apple” şirkəti bu gün mobil qurğular üçün əməliyyat sisteminin yeni versiyasını – “iOS 5”-i təqdim edib. “iPad” və “iPad 2” planşet, “iPhone 3GS” və “iPhone 4” smartfon, üçüncü və dördüncü nəsil “iPod touch” pleyer sahibləri öz aparatlarına “iOS 5” əməliyyat sistemini quraşdıra bilərlər.

Əməliyyat sistemini yeniləmək üçün qurğunu “iTunes” müştərisinin 10.5 versiyasının quraşdırıldığı kompyuterə qoşmaq lazımdır. Oktyabrın 14-də satışa çıxarılacaq “iPhone 4S” smartfonunda susma halına görə “iOS 5” əməliyyat sistemi quraşdırılacaq.

“iOS 5”-də əsas yeniliklər xəbərdarlıq mərkəzi (Notification Center), mesajlar ilə mübadilə xidməti – “iMessage”, “Newsstand” və “Reminders” proqramları, “Twitter” ilə inteqrasiya və “Safari” səyyahının yeni versiyasıdır. Bundan başqa, “iOS 5” əməliyyat sisteminə “iCloud bulud” xidmət dəstəyi də daxil edilib.

Xidmət istifadəçiyə öz məlumatlarını uzaq serverdə saxlamağa və informasiyanı qurğular arasında sinxronlaşdırmağa imkan yaradır. “Apple” şirkəti hər bir istifadəçiyə pulsuz olaraq 5 qiqabayt sahə ayırır.




13/10/11    Çap et