Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada elektromobillər üçün enerjidoldurma stansiyalar şəbəkəsi yaradılacaq


"BMW Group", "Daimler", "Ford Motor Company" və "Volkswagen Group" (Audi və Porsche törəmə şirkətləri ilə) avtomobil istehsalçıları elektromobillərin enerji ilə doldurulması üçün 2020-ci ilədək Avropada 400 enerjidoldurma stansiyasından istifadə edəcək "Ionity" adlı şəbəkənin yaradılması məqsədilə səyləri birləşdirmək niyyətindədir. 
 
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, istehsalçıların yaradacağı birgə müəssisə avropalıların elektrik avtomobillərindən istifadə etməklə uzaq səfərləri sadələşdirmək üçün nəzərdə tutulub. Bunun, həmçinin gələcəkdə elektromobillərdən istifadənin genişləndirilməsi üçün lazım olan əsas infrastruktur komponentləri ilə bağlı problemin həllinə kömək edəcəyi gözlənilir.
 
Məlumata görə, cari ilin sonunadək "Ionity" şəbəkəsinin 20 enerjidoldurma stansiyasında operatorluğu həyata keçirəcəyi, 2018-ci ilədək isə daha 50 stansiyanın inşası planlaşdırılır. Hər enerjidoldurma məntəqəsi 350 kVt gücə malik olacaq və həm dəyişən cərəyan, həm də sabit cərəyanla enerjinin tez doldurulması üçün "Combined Charging System" (CCS) sistemindən istifadə edəcək. "CCS" standartı "Volkswagen", "GM", "BMW", "Daimler", "Ford FCA", "Tesla" və "Hyundai" şirkətlərinin elektromobilləri tərəfindən dəstəklənir.

Nizam Nuriyev 





07/11/17    Çap et