Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aparıcı smartfon istehsalçıları satış həcmini yüksəldiblər


2017-ci ilin üçüncü rübündə dünyada istifadəçilər təxminən 383 milyon smartfon satın alıblar ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3% daha çoxdur. Demək olar ki, bütün aparıcı smartfon istehsalçılarında ikirəqəmli satış artımı qeydə alınıb. Yalnız “Apple” şirkətində artım 5,7% təşkil edib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2017-ci ilin iyul-sentyabrında Asiya-Sakit okean regionunun inkişaf etməkdə olan bazarları, həmçinin Şimali Amerika regionu smartfon seqmentində müsbət dinamikanı təmin edib.

Ayrı-ayrı şirkətlərin vəziyyətini xarakterizə edən analitiklər “Samsung” istehsalı olan smartfonların satış həcmində ikirəqəmli artıma diqqət yönəldiblər. 2015-ci ilin dördüncü rübündən etibarən Cənubi Koreya nəhəngində belə artım tempi müşahidə edilməmişdi. “Galaxy S8”, “S8+” və “Note 8” qabaqcıl smartfonlarının çıxarılması nəticəsində “Samsung” şirkəti 85,6 milyon aparat satıb. “Gartner” analitik şirkəti Cənubi Koreya istehsalçısının bazar payını 22,3% səviyyəsində qiymətləndirib. Xatırladaq ki, 2016-cı ildə bu göstərici 19,3% olub.

“Apple” korporasiyasında orta artım tempi qismən az olsa da, lakin mütəxəssislər Çində müsbət dinamikaya geri dönməni və Hindistan daxil olmaqla inkişaf etməkdə olan regionlarda “iPhone”a sabit tələbatı uğur kimi qiymətləndiriblər. “Apple” rübün nəticəsinə görə, 45,4 milyon smartfon satıb ki, bu da smartfon bazarının 11,9%-ni (+0,3%) təşkil edir.

Növbəti yerləri Çinin “Huawei”, “Oppo” və “Xiaomi” şirkətləri tutublar.

Emil Hüseynov





02/12/17    Çap et