Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fərdi kompüter bazarında 6 ildə ilk dəfə artım qeydə alınıb


Ötən ilin dördüncü rübündə 6 ildə ilk dəfə qlobal fərdi kompüter bazarında artım qeydə alınıb. “International Data Corporation” (IDC) şirkətinin məlumatları buna sübutdur.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2017-ci ilin oktyabr-dekabr aylarında masaüstü kompüter, noutbuk və işçi stansiyaların qlobal tədarük həcmi 2016-cı müvafiq dövrü ilə müqayisədə 0.7% yüksələrək 70,6 milyona yaxınlaşıb. Ekspertlər 1,7%-lik azalma gözləyirdilər.

“IDC” analitik şirkətindən bildirilib ki, fərdi kompüter (FK) bazarı şirkətlərdə avadanlıqların yenilənməsi və istehlakçı tələbatının yaxşılaşması sayəsində sabitləşib.

FK sahəsi üçün daha bir müsbət amil planşetlərin satış həcminin azalmasıdır. Planşet istehsalçıları yenidən noutbuk istehsalına kökləniblər.

Daha çox inkişaf etməkdə olan regionlar kompüter sənayesi üçün fayda verib. Məsələn, 2017-ci ilin dördüncü rübündə Asiya-Sakit okean regionu (Yaponiyadan başqa) və Latın Amerikasında FK-nin satış həcmi yüksəlib. Avropa, Yaxın Şərq və Afrika ölkələrində FK satışları sabit olub və  Yaponiyada 6-cı rüb ardıcıl artım qeydə alınıb.

Ötən ilin son üç ayının nəticəsinə görə,  “Hp Inc.” şirkəti yenidən ən böyük kompüter istehsalçısı olub. “Lenovo” şirkəti ikinci, “Dell” isə üçüncü yerdə qərarlaşıb.

Emil Hüseynov





12/01/18    Çap et