Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya təhlükəsizliyi bazarında əsas tendensiyalar üzrə proqnoz açıqlanıb


“Eset” beynəlxalq antivirus şirkəti 2018-ci il üçün informasiya təhlükəsizliyi bazarında əsas tendensiyalar üzrə proqnoz təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ekspertlər tərəfindən kiberhücumların sayının və mürəkkəbliyinin artacağı proqnozlaşdırılır. Hakerlərin məlumatların ələ keçirilməsi üçün “klassik” alətlərdən istifadə, eləcə də yeni effektiv sxemlərin axtarışını davam etdirəcəkləri gözlənilir.
 
Əhəmiyyətli infrastruktur obyektlərinə yeni hücumlar proqnozlaşdırılır. Potensial hədəflər sırasında energetika və müdafiə sektoru, nəqliyyat və su təchizatı sistemləri, səhiyyə və istehsal sahələri qeyd olunur.
 
“Eset” mütəxəssislərinin fikrincə, şirkətlərin kibermühafizəyə böyük investisiyaların qoyulması şəraitində bu il hakerlər iri korporasiyalara mal və xidmətlər tədarük edən kiçik və orta müəssisələrə hücumlara keçəcəklər.
 
Bundan başqa, 2018-ci ildə “Əşyalar interneti” qurğuları vasitəsilə həyata keçirilən kiberhücumlar mümkündür. Mütəxəssislər xəbərdarlıq edir ki, “ağıllı” qurğular müdaxiləyə daha həssasdır və onlardan cinayətkarların aləti kimi istifadə oluna bilər.
 
Həmçinin cari il üçün yeni uğurlu təhqiqatlar proqnozlaşdırılır ki, bu da son nəticədə aktiv kibercinayətkarların sayının azalmasına səbəb ola bilər.
 
Nizam Nuriyev 





13/01/18    Çap et