Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil səyyahı bazarının oyunçusu dəyişib


“Android” əməliyyat sistemi ilə işləyən qurğulara quraşdırılan “Google” şirkətinin mobil səyyahı populyarlığa görə “Opera Mini” səyyahını ötüb. Bu barədə “Net Applications” analitik şirkətinin oktyabr ayına olan hesabatında qeyd edilib.

“Google”-un mobil səyyahının bazar payı 18,7 faiz, “Opera Mini” səyyahının payı isə 13,1 faiz təşkil edib.

Onlar mobil səyyahların reytinqində müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Birinci yerdə “iPhone” smartfonu, “iPad” planşeti və “iPod touch” pleyerlərində tətbiq edilən “Safari” mobil səyyahı yerləşib. Onun bazar payı 62,2%-dir.

“CNET News” analitikləri “Opera Mini” səyyahının payının düşməsini smartfon və planşetlərin populyarlığının artması ilə əlaqələndirirlər. Norveçin “Opera Software” şirkəti tərəfindən hazırlanmış “Opera Mini” səyyahında trafikin sıxılması texnologiyası tətbiq edilir və o "adi" mobil telefonlarda istifadə olunur.




02/11/11    Çap et