Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cari ilin 9 ayı ərzində 12 yeni poçt şöbəsi açılmışdır


Cari ilin 9 ayı ərzində “Azərpoçt” MMC-in xidmət şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir.

Belə ki, 12 ədəd poçt şöbəsi (PŞ) binasınin tikintisi başa çatdırılmış və 4 ədəd poçt filialında (PF)-də xəzinə qovşağı tikilmiş, 4 ədəd inzibati binada (RİTN-in mərkəzi arxivi və 3 ədəd poçt şöbəsi binası) təmir işləri aparılmışdır.

Bundan başqa, Respublika üzrə pul baratı qəbul edilməsi və ödənilməsi, daxili sadə və sifarişli məktub korrespondensiyası, daxili bağlamalar və beynəlxalq bağlamaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artmışdır.

01.02.2011-ci il tarixdən UPX-nin yeni tarifləri təsdiq edilmişdir. Yeni tariflərin qüvvəyə minməsi “Azərpoçt” MMC-nin hesabat dövründə əldə etdiyi gəlirlərinin artmasına öz müsbət təsirini göstərmişdir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə MMC-nin tarif gəliri 11,4% artmışdır.

“Azərpoçt” MMC üzrə sürətli poçt xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 min manat artaraq 590,6 min manata çatmışdır.

“Azərpoçt” MMC “Cricket” sorğu sistemi vasitəsi ilə hal-hazırda dünyanın 134 ölkəsi ilə əməkdaşlıq edir. Habelə, dünyanın 55 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair İnternet vasitəsilə operativ elektron sorğu sistemindən istifadə edir.

Hesabat dövründə “Azərpoçt” MMC-nin PF-lərinin tabeliyində olan PŞ-ində struktur islahatları həyata keçirilmiş, normativlərə uyğun gəlməyən PŞ-lərin bağlanması və yeni PŞ-nin açılması yönümündə bir sıra işlər görülmüşdür. Beləliklə də, 12 yeni PŞ açılmışdır.

Hesabat dövründə “Azərpoçt” MMC-nin Mərkəzi Bankın AZİPS və XÖHKS sistemlərinə, eləcə də SWIFT sisteminə qoşulması, həmçinin qeyd edilən ödəniş sistemlərinə inteqrasiyası tam başa çatdırılmışdır.




03/11/11    Çap et