Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kriptovalyutanın mayninqi üçün virusların sayı 4467% yüksəlib


“McAfee” antivirus istehsalçısı kriptovalyutanın mayninqi üçün istifadə edilən zərərverici proqramların sayının kəskin artımı haqqında məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2018-ci ilin üçüncü rübündə kriptovalyutanın mayninqi üçün 4 milyon yeni virus nümunəsi qeydə alınıb. Rüblük hesablama üzrə belə zərərverici proqramların sayı 55%, illik üzrə isə 4467% yüksəlib.
 
2017-ci ildə kriptomaynerlərin sayı 250 min civarında olub. 2018-ci ilin yanvar-martında bu göstərici 2,5 milyonadək yüksəlib.
 
Mayninq xarakterli viruslardan həm istifadəçilər, həm də şirkətlər əziyyət çəkir. Məsələn, “Tesla” elektrik avtomobilləri istehsalçısı və “Aviva” sığorta şirkəti belə hücuma məruz qalıb. Sözügedən hücumlar birbaşa maddi itkiyə səbəb olmur, ancaq kompüter sistemlərinin işi resursların virus tərəfindən istifadəsinə görə xeyli zəifləyə bilər.
 
Belə hücuma məruz qalmamaq üçün tanımadığınız şəxslər tərəfindən göndərilmiş elektron məktublara ehtiyatla yanaşmaq, təhlükəli mənbələrdəki linkləri açmamaq, proqram təminatını müntəzəm yeniləmək və keyfiyyətli təhlükəsizlik həllərindən istifadə etmək lazımdır.
 
Emil Hüseynov






21/12/18    Çap et