Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni dron döyüş meydanına yüklər çatdıracaq


"Yates Electrospace Corporation" şirkəti "Silent Arrow GD-2000" yük pilotsuz uçuş aparatını təqdim edib. Bu, əksər kiçik yük çatdıran dronlardan fərqli olaraq 740 kq yükqaldırma qabiliyyətinə malik böyük aparatdır. Onun yük çatdırma sxemi də qeyri-adidir: "Silent Arrow" yükü təyyarə və ya vertolyotdan atdıqdan sonra dörd qanadını açaraq təyinat yerinə enməyə başlayır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Hightech" resursuna istinadən yazır ki, dronun əsas vəzifəsi döyüş meydanına yüklər çatdırmaqdan ibarətdir. Hazırda əksər ordular, o cümlədən ABŞ Ordusu yükləri paraşütlə ataraq çatdırır. Pilotsuz uçan aparatdan istifadə isə dəqiqliyi artıracaq və çatdırılma xərclərini azaldacaq.

 

Bundan başqa, səssiz enən aparat düşmən üçün paraşütlərdən daha görünməz olacaq.

 

Hərbi yük dronunun istehsalına oktyabrda başlamaq nəzərdə tutulur. Şirkət nümayəndələrinin sözlərinə görə, eyni yük çatdırılma sxemini təkcə hərbi əməliyyatlarda deyil, eyni zamanda təbii fəlakətlərdən sonra humanitar yardımların göstərilməsində uğurla tətbiq etmək mümkündür.

 

Nizam Nuriyev

 

 






13/09/19    Çap et