Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda övladlığa götürmə ilə bağlı müraciətlər elektron şəkildə qəbul olunacaq


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Mövsümova bildirib ki, Nazirlər Kabinetinin son qərarı ilə elektron xidmətlərin siyahısı təsdiqlənib.

 

Hökumətin qərarı ilə bundan sonra ölkədaxili övladlığa götürmə ilə bağlı müraciətlər Komitəyə ünvanlanacaq. Vəsilə Mövsümova bildirib ki, Komitənin internet saytında (http://www.scfwca.gov.az) elektron xidmətlər bölümü bir müddət əvvəl yaradılıb.

 

Bölmədə Azərbaycanda ölkələrarası övladlığa götürmə ilə əlaqədar prosedur, övladlığa götürmək üçün tələb olunan sənədlər, övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısı və bu sahədə qəbul edilmiş Konvensiya yerləşdirilib.

 

Sektor müdiri bildirib ki, Komitə elektron xidmətin həyata keçirilməsinin inzibati prosedurunu müəyyənləşdirən inzibati reqlament hazırlayıb qəbul edəndən sonra ölkələrarası və ölkədaxili övladlığa götürmə ilə bağlı müraciətin elektron forması və ölkədaxili övladlığa götürmə ilə bağlı prosedur, tələb olunan sənədlər və digər məlumatlar elektron xidmətlər bölməsində yerləşdiriləcək.

 

Daxili İşlər, Ədliyyə nazirlikləri və bir sıra qurumların rəsmi internet saytlarında elektron xidmətlər bölməsi artıq fəaliyyətdədir.






30/11/11    Çap et