Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy Chromebook” noutbuku nə vaxt satışa çıxarılacaq?


"Samsung" şirkətinin premium "Galaxy Chromebook" noutbukunun rəsmi satışa çıxarılma tarixi məlum olub. Mənbələrin məlumatını təsdiq edən şirkət onun aprelin 6-da satışa çıxarılacağını bəyan edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, yeni qurğunu növbəti bazar ertəsindən etibarən "Samsung" saytında və "Best Buy" onlayn mağazasında 999 dollara əldə etmək mümkün olacaq. "Chrome OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən noutbuk boz (Mercury Grey) və açıq-qırmızı (Fiesta Red) olmaqla iki korpus rəngində tədarük ediləcək.

 

"Galaxy Chromebook" 13,3 düym diaqonallı "4K OLED" ekranla təchiz edilib, eləcə də əksər noutbuklarla müqayisədə daha güclü onuncu nəsil "Intel Core i5" prosessoruna malikdir. Qurğunun spesifikasiyasına, həmçinin "LPDDR3" tipli 8 giqabaytlıq operativ yaddaş və 256 giqabayt tutumlu bərkcisimli toplayıcı daxildir.

 

İlin əvvəlində "CES 2020" sərgisi zamanı keçirilən təqdimatda "Galaxy Chromebook" noutbukunun 16 giqabaytlıq operativ yaddaş və 1 terabaytlıq bərkcisimli toplayıcı ilə təchiz ediləcəyi bildirilib. Lakin şirkətin əlavə konfiqurasiyaların buraxılışından imtina etdiyi görünür və hazırda yalnız əsas model satışa çıxarılacaq.

 

Nizam Nuriyev






30/03/20    Çap et