Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Koronavirusa görə bu il İT bazarının bütün seqmentləri ziyanla üzləşəcək


Koronavirus pandemiyasının davam etməsi “International Data Corporation” (IDC) analitik şirkətini dünya informasiya texnologiyaları (İT) bazarı üzrə proqnozu yenidən azaltmağa məcbur edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qiymətləndirməyə müxtəlif qurğular (kompüter, planşet, mobil telefon, periferiya), proqram təminatı, infrastruktur və İT xidmətləri daxildir.

 

Yeni proqnoza görə, bu il qeyd olunan sahədə xərclər 5,1 faiz azalacaq. Müqayisə üçün qeyd edək ki, yanvar və fevralda ekspertlər tərəfindən bazarda müvafiq olaraq 5,1 və 4,3 faiz artım proqnozlaşdırılmışdı.

 

Azalma sahənin bütün seqmentlərinə aid olacaq. Belə ki, qurğular sektorunda xərclərin 12,4 faiz azalacağı gözlənilir. İT xidmətlər sahəsində 2,6 faiz, proqram təminatı seqmentində isə 1,9 faiz azalma olacaq. Yalnız infrastruktur sahəsində 3,8 faizlik artım proqnozlaşdırılır.

 

İnformasiya-kommunikasiya texnologiyaları bazarına nəzər saldıqda isə burda 3,4 faiz səviyyəsində azalma gözlənilir. Nəticədə bu sahədə xərclər 4 trilyon dollardan bir qədər çox olacaq.

 

Pandemiyanın analitikləri gələcəkdə qlobal İT bazarı üzrə proqnozu yenidən azaltmağa məcbur edəcəyi istisna edilmir.

 

Nizam Nuriyev






05/05/20    Çap et