Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və informasiya texnologiyaları sahəsi işçiləri peşə bayramlarını qeyd edir


Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramları münasibətilə mərasim keçirildi. İlk öncə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollektivi  Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoymuşlar.

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür. Rabitəçilər Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar.

 

 

  Daha sonra “Hilton” otelində rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı, Azərbaycanda telefon rabitəsinin yaranmasının 130 illiyi münasibətilə təntənəli mərasim keçirildi. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan rabitəsinin inkişaf yolundan danışaraq bildirdi ki, Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü ötən əsrin 70-80-ci illərinə təsadüf edir.

 

“1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü əvvəlki dövrlə müqayisədə 20 dəfədən çox artmış, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmiş, ölkəmizdə hesablama texnikasının inkişafı üçün təkan verilmişdir.

 

Həmçinin, 1993-cü ildə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları sektoru da sürətlə inkişaf etməyə başlayıb, ölkədə informasiya və kommunikasiya texnologiyaları seqmenti genişlənib”.

 

 

 Ölkəmizdə İKT sektorunun inkişafının ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003 - 2012-ci illər)” qəbul edilməsinin bu sahənin inkişafının başlanğıcı olduğunu bildirən nazir Prezident İlham Əliyev tərəfindən bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə Dövlət Proqramlarının qəbul edildiyini dedi.

 

Gələn il bu Dövlət Proqramının başa çatacağını bildirən nazir artıq bu sahədə uğurlu nəticələr əldə olunduğunu bildirdi: ”Artıq Azərbaycan bir neçə göstəricilərə görə, inkişaf etmiş ölkələrin göstəricisinə çatıb.

 

Məsələn, internet istifadəçilərin sayının 60 faiz olması və bunun yarısının genişzolaqlı olması. Nəzərə alsaq ki, bu göstərici ümumdünya göstəricisindən 2 dəfə çoxdur.

 

Bu gün hər 100 nəfərə 110 mobil telefon düşür ki, bu da ümumdünya göstəricisini 35-40 faiz üstələyir. Bu rəqəmləri kifayət qədər sadalamaq olar. Sevindirici haldır ki, bu rəqəmləri dünyanın mötəbər qurumları söyləyir.

 

Biz Prezident İlham Əliyevə minnətdarıq ki, bu sahəni prioritet sahə elan etməsi rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin qarşısında yeni məqsədlər qoymuşdur. Bu gün dünyada yeni iqtisadiyyat - internet iqtisadiyyatı sektoru yaranıb.

 

 Bu, çox güclü bir sahədir.  Bakıda keçirilən “BakuTel-2011” sərgisinin əhəmiyyətindən danışan nazir  qeyd etdi ki, son səkkiz ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, rabitə və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi də sürətlə inkişaf etmiş, ölkəmiz bu sahədə regional liderə, inkişaf etmiş dünya ölkələrinin, nəhəng şirkətlərin diqqətinin yönəldiyi mərkəzə çevrilmişdir.

 

 

Nazir Əli Abbasov ölkədə bütün sahələr kimi, rabitə və informasiya texnologiyaları sektorunun da sürətlə inkişaf etdiyini söyləyərək, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi, Milli Kosmik peykin orbitə buraxılması, “Delta Telekom” şirkətinin “EPEQ” layihəsi,  nanotexnologiyalar, texnoparkların yaradılması istiqamətində irəliləyişlərə nail olunduğunu söyləyərək  qarşıda duran 15 il ərzində bu sahənin inkişafı və prioritet sahə kimi gələcəkdə neft gəlirlərinin üstələməsi istiqamətində böyük işlər görüldüyünü bildirdi.

 

Azərbaycanda hər üç mobil operatora “3G” lisenziyasının təqdim olunduğunu söyləyən nazir nazirlik tərəfindən onlara “4G”-yə hazırlıqla bağlı müraciət olunduğunu söylədi. Azərbaycanda bu sahədə insan resurslarının yetişdirilməsi istiqamətində aparılan işlərə toxunan nazir bu sahədə aparılan işlərin təqdirəlayiq olduğunu bildirdi.

 

Nazir bu gün “Elektron təhlükəsizlik” sahəsində aparılan işləri də yüksək qiymətləndirdi.  Toplantıda Azərbaycan rabitəsinin inkişafına həsr olunmuş film nümayiş etdirildi.

 

  Sonra çıxış edənlər Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin inkişafı, bu sahədə əldə olunan nailiyyətlərdən danışmışlar və göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirmişlər.

 

Eyni zamanda, mərasimdə RİTN tərəfindən “Rabitə ustası” və “Fəxri fərman”a layiq görülən rabitəçilər də təltif edilmişdir. Daha sonra mərasim iştirakçıları adından Prezident İlham Əliyevə müraciət oxunmuşdur.

 






05/12/11    Çap et