Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ və Honkonqu birləşdirən internet kabelinin çəkilişi dayandırılıb


ABŞ-ın “Google” və “Facebook” şirkətləri ABŞ və Honkonq arasında “Pacific Light Cable Network” sualtı internet kabelinin çəkilişi ilə bağlı planlardan imtina ediblər. “Bloomberg” resursunun məlumatına görə, Donald Tramp administrasiyası Pekinin kabeldən ABŞ vətəndaşları haqqında informasiyanın toplanılması üçün istifadə edə biləcəyini bəyan edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews www.servernews.ru” resursuna istinadən yazır ki, şirkətlər ABŞ Federal Rabitə Komissiyasına (FCC) edilən əvvəlki müraciəti geri götürərək ötən həftənin sonunda yenisini təqdim ediblər. Həmin sənəddə layihənin əvvəlki tərəfdaşı – Honkonqun “Pacific Light Data Communication” (PLDR) şirkəti sadalanmayıb.
 
“Google”, “Facebook” və “PDLR” 2017-ci ildə ilkin olaraq “Pacific Light Cable Network” adlı layihə təklif ediblər. Əvvəlcə ABŞ-ın qərb sahilindən Tayvan, Filippin və Honkonqadək 13 900 km sualtı kabelin çəkilməsi planlaşdırılmışdı. O, Honkonq və ABŞ-ı birbaşa birləşdirən ilk sualtı kabel xətti kimi təqdim edilib. Lakin 2017-ci ildə “PDLR” şirkəti “Huawei” istehsalçısına bağlı Pekinin “Dr. Peng Telecom & Media Group” genişzolaqlı internet provayderinin mülkiyyətinə keçib ki, bu da ABŞ xüsusi xidmət orqanlarının narahatlığına səbəb olub. Bir il əvvəl layihənin ABŞ sanksiyaları altına düşməsi təhlükəsi yaranıb. Həmin vaxtadək isə 11 min km kabel çəkilmişdi. 2020-ci ilin fevralında “Google” və “Facebook” kabelin Honkonq və Çinə gedən hissələrinin itirilməsi ilə barışmalı olub.  
 
Şirkətlərin yeni müraciətində də kabelin Tayvan və Filippində yerüstü məntəqələrə çıxarılması nəzərdə tutulur. ABŞ Milli Təhlükəsizlik Agentliyi və Ədliyyə Nazirliyi tərəfindən komissiyaya layihənin ABŞ-ın qeyd olunan ərazilərlə sualtı kabel vasitəsilə birləşdirilməsinə aid bölmələrinin təsdiqlənməsi tövsiyə olunub.
 
Nizam Nuriyev





02/09/20    Çap et