Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkətinin smartfonlar bazarında planları məlum olub


“Huawei” şirkəti 200 milyon qurğunu öz əməliyyat sisteminə keçirmək niyyətindədir. Bu barədə şirkət nümayəndəsi tərtibatçılar üçün konfransda bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, proqram təminatı şöbəsinin vitse-prezidenti Yan Haysun şirkətin smartfon və digər “ağıllı” qurğular bazarına ekspansiyası ilə bağlı planlarını açıqlayıb. Onun sözlərinə görə, “Huawei” tərəfindən 200 milyon qurğuya “HarmonyOS” əməliyyat sisteminin quraşdırılması planlaşdırılır. Bununla yanaşı, yeni əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların yarısı bilavasitə “Huawei” tərəfindən buraxılacaq, qalan 100 milyon qurğu kənar istehsalçılar tərəfindən təqdim ediləcək. Yeni əməliyyat sistemi ilə təchiz ediləcək smartfonların payı barədə məlumat verilmir.

 

Beləliklə, İT nəhəngi dünya proqram təminatı bazarında pay sahibi olmağı və digər əməliyyat sistemi istehsalçılarını sıxışdırmağı planlaşdırır. Nəşrin jurnalistləri qeyd edib ki, “Huawei” ilk dəfədir “HarmonyOS” sistemi ilə bağlı planları açıqlayır.

 

Məlumata görə, bir il əvvəl təqdim edilən əməliyyat sistemi artıq “Huawei” televizorlarında istifadə olunur. “HarmonyOS” sisteminin inkişafı üçün Çin korporasiyası “Midea Group”, “Joyoung”, “Robam Appliances” və digər texnika istehsalçıları ilə sazişlər imzalayıb.

 

Sentyabrın 10-da “Huawei” smartfon, “ağıllı” saat, televizor və digər qurğular üçün nəzərdə tutulan əməliyyat sisteminin yeni versiyasını nümayiş etdirib. 2021-ci ilin əvvəlində tərtibatçılar tərəfindən əməliyyat sisteminin sınaqları keçiriləcək. İlin sonunda isə “HarmonyOS” əməliyyat sisteminin smartfonlarda iş üçün adaptasiya edilən ilk beta versiyasının təqdim edilməsi planlaşdırılır.

 

Nizam Nuriyev






15/09/20    Çap et