Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“PlayStation 5” konsolu nə vaxt təqdim ediləcək?


Yeni nəsil “Sony” oyun qurğusunun təqdimatı sentyabrın 16-na planlaşdırılır. Bu barədə rəsmi “PlayStation” bloqunda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “PlayStation 5” qurğusunun buraxılışına həsr edilən tədbir sentyabrın 16-da Bakı vaxtı ilə saat 24:00-da keçiriləcək. “Sony” nümayəndələri bəyan edib ki, həmin tarixdə şirkət konsol rəsmən təqdim edildikdən sonra satışa çıxarılacaq və gələcəkdə buraxılacaq bir sıra oyunları bir daha nümayiş etdirmək niyyətindədir. Həmçinin bloqda qeyd olunur ki, təqdimatda “PS5” qurğusu barədə ətraflı məlumat veriləcək.

 

Onlayn formatda keçiriləcək təqdimat 40 dəqiqə davam edəcək. Tədbir “Sony” platformaları, “Twitch” və “YouTube” servisləri vasitəsilə translyasiya ediləcək.

 

Avqustun sonunda “Sony” yeni nəsil oyun qurğusu üçün ilkin sifarişlərin qəbuluna başlayıb. Şirkət tərəfindən “PS” ekosisteminin istifadəçilərinə virtual növbəyə durmaq təklif olunub. Orada iştirak “PlayStation 5” qurğusunu hamıdan birinci əldə etmək hüququ verir. Hazırda ilkin sifarişdə iştirak imkanından qurğunun ilk dəfə satışa çıxarılacağı ABŞ sakinləri istifadə edə bilərlər.

 

Nizam Nuriyev






15/09/20    Çap et