Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “6G” standartının öyrənilməsi ilə məşğuldur


“Apple” şirkəti altıncı nəsil mobil rabitə standartı (6G) üzərində iş üçün mühəndislər axtarışındadır. Bu barədə “Bloomberg” agentliyinin jurnalisti Mark Qurmanın məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, ABŞ korporasiyası aktual və yeni nəsil simsiz şəbəkələrin öyrənilməsi ilə məşğul olacaq mühəndis tədqiqatçılar üçün vakansiya yerləşdirib. “Siz gələcək “Apple” məhsullarına böyük təsir göstərəcək növbəti nəsil simsiz texnologiya yaratmaq üçün unikal imkana malik olacaqsınız”, – vakansiyanın təsvirində qeyd olunur. Sənədə görə, işaxtaranlar üçün “6G” simsiz rabitə sistemlərini tədqiq etmək və hazırlamaq, eləcə də yeni standartın hazırlanmasına həsr edilən konfrans və tədbirlərdə iştirak imkanı yaradılacaq.

 

Agentliyin qiymətləndirməsinə görə, altıncı nəsil mobil rabitə şəbəkəsinin qurulmasına 2030-cu ildə başlamaq nəzərdə tutulur. M.Qurman qeyd edib ki, “Apple” şəbəkənin erkən öyrənilməsi və inkişafı mərhələlərində iştirak etmək niyyətindədir. Bundan başqa, vakansiyanın dərc olunması ABŞ korporasiyası daxilində qurğular üçün müxtəlif texnologiya və komponentlərin inkişafında və istifadəyə verilməsində maraqdan xəbər verə bilər. Məsələn, “Apple” şirkəti 2020-ci ildə “Intel” prosessorlarından imtina edərək öz istehsalı olan “M1” çiplərinə keçib. Yeni çiplər əsasında hazırlanan ilk kompüterlər noyabrda işıq üzü görüb.

 

Hazırda “Apple” “5G” dəstəkli smartfonlar istehsal edir və tərəfdaşı qismində çıxış edən “Qualcomm” şirkətindən müvafiq modemləri satın alır.

 

ABŞ korporasiyası 2020-ci ilin noyabrında “6G” standartının yaradılması və inkişafında maraqlı olan şirkətləri birləşdirən “Next G Alliance” alyansına daxil olub. Ekspertlərin fikrincə, yeni texnologiya “5G” ilə müqayisədə sürəti 100 dəfə artıracaq.

 

Nizam Nuriyev






22/02/21    Çap et