Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bitkoin Salvadorun rəsmi valyutası oldu


Salvador Konqresi bitkoinin rəsmi valyuta kimi qəbul edilməsinə səs verib. Prezident Nayib Bukelenin fikrincə, bu addım salvadorluların həyatını xeyli asanlaşdıracaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.to” saytına istinadən yazır ki, Salvador Konqresinin 82 üzvündən 62-si bitkoinin rəsmi valyuta kimi qəbuluna səs verib. Bu barədə “Twitter”də prezident Nayib Bukele paylaşım edib. Ölkədə 150 milyon dollar məbləğində kriptovalyutadan ibarət ehtiyat fondun yaradılması planlaşdırılır. Yeni qanun 90 gündən sonra qüvvəyə minəcək.

 

Mərkəzi Amerikada yerləşən Salvadorun öz milli valyutası yoxdur, buna görə əhali dollardan istifadə edir. Bundan başqa, ölkə əhalisinin 70%-nin bank hesabı yoxdur. Nayib Bukelenin fikrincə, bitkoin xaricdə işləyən vətəndaşların öz ailələrinə pul göndərməsini asanlaşdıracaq, çünki indi onlar dollarla bank köçürmələri üçün böyük komissiya ödəmək məcburiyyətindədirlər. O, həmçinin əmindir ki, bu addım yeni iş yerlərinin yaranmasına gətirib çıxaracaq və indi kölgə iqtisadiyyatında olan minlərlə insanı maliyyə dünyasına cəlb etməyə kömək edəcək.

 

Emil Hüseynov






10/06/21    Çap et