Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Kompyuter sahəsində təhdidlərə qarşı təcili tədbir heyəti»nin yaradılması aktuallaşır


«Saytların, informasiya ehtiyatlarının qorunmasını «İnformasiya əldə etmək haqqında» qanun müəyyənləşdirir.  Bu qanuna görə, hər bir informasiya sahibi öz informasiya ehtiyatlarının dayanıqlı işləməsi üçün məsuldur».

Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov "İCTnews" elektron xəbər xidmətinə məlumat verib. Şöbə müdirinin sözlərinə görə, saytlar hazırlanarkən onun dayanıqlı, etibarlı olması üçün informasiya sahibi tərəfindən tədbirlər görülməlidir.

Bununla əlaqədar müxtəlif ölkələrdə müxtəlif  təcrübələrin olduğunu vurğulayan B.Məmmədov əlavə edib ki, bir çox dövlətlərdə «Kompyuter sahəsində təhdidlərə qarşı təcili tədbir heyəti» adlanan təsisatlar  var: «Bu, adətən müxtəlif qurumlarda yaradılır.

Məsələn, dövlət orqanları, biznes sektorundakı qurumlarda belə heyətlər formalaşdırılır. Bundan əlavə, ümumi «Kompyuter sahəsində təhdidlərə qarşı təcili tədbir heyəti» də yaradılır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  də bu cür ümummilli heyətin yaradılması təşəbbüsü ilə çıxış edib və bu sahədə də iş gedir. Amma ölkədə ayrı-ayrı sahələrdə belə  təsisatlar var. Məsələn, təhsil sektorunda, Azərbaycan Milli Elmlər Akademiyasında, Xüsusi Dövlət Mühafizə Xidmətində də belə  təsisatlar mövcuddur. Hesab edirəm ki, ümummilli təsisatların işini əlaqələndirən ümumi «Kompyuter sahəsində təhdidlərə qarşı təcili tədbir heyəti»nin yaradılması aktualdır. Yəqin ki, bu sahədə  iş görüləcək».

 
SEYMUR





06/02/12    Çap et