Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vizalar elektron formada verilə bilər


Bu ilin yay aylarından etibarən Azərbaycana gələn xarici ölkə vətəndaşlarına vizalar elektron şəkildə verilə bilər. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Eurovision” mahnı müsabiqəsində iştirak etmək üçün Azərbaycan paytaxtına gələn qonaqlar vizaları hava limanında ala biləcəklər.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib. O bildirib ki, vizaların elektron qaydada verilməsi üçün müvafiq proqram hazırlanır: «Burada vizanın verilməsi 15 gün ərzində nəzərdə tutulur. Getdikcə bu müddət azaldıla bilər”.

Nazir qeyd edib ki, “Eurovision”a gələn qonaqlar hava limanında viza almaqdan razı qalsalar, nazirlik proqram yazılanadək vizaların verilmə qaydasının məhz bu cür həyata keçirilməsi təşəbbüsü ilə çıxış edəcək: “Düşünürəm ki, artıq yay aylarında proqram hazır olacaq və Azərbaycana gələn xarici vətəndaşlar vizanı elektron şəkildə ala biləcəklər”.

Ə.Qarayev Azərbaycanın digər ölkələrin proqramlarından istifadə etməsinin mümkün olmadığını da vurğulayıb: “Çünki təhlükəsizlik məqsədilə hər ölkənin özünün ayrıca proqramı var”.
 
SEYMUR





22/02/12    Çap et