12px13px15px17px
Tarix:05/03/12

Uşaqların ad seçiminə elektron xidmətlər kömək edəcək

Əksər hallarda yenidoğulmuş körpələrinə ad seçimi etmək istəyən valideynlər çətinliklərlə qarşılaşır. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bundan sonra övladlarına uğurlu, eyni zamanda, daha az təkrarlanan adları qoymağı düşünən valideynlərin köməyinə elektron xidmətlər çatacaq.

Belə ki, “Ədliyyə Nazirliyinin elektron xidmətlər portalı”nda Azərbaycanda ən populyar kişi və qadın adlarının rəsmi statistikası aparılır. Bu statistikaya baxmaqla, uşaqlara hansı ildə hansı adların daha çox verildiyini müəyyən etmək olar.

Portalın “Vətəndaşlıq vəziyyəti” bölməsindən “Adların seçimi”nə keçid etməklə, burada “Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti” əsasında hazırlanmış materiallara görə istənilən ad və soyadın mənası, mənşəyi barədə informasiya almaq mümkündür. Portalın “Populyar adlar və statistika” bölməsində isə Azərbaycanda hər il üzrə 50 ən populyar kişi və qadın adlarını görmək mümkündür. Bu statistikaya görə, 2011-ci ildə ən populyar kişi adı Yusif olub. Ötən il bu ad ölkədə 4011 nəfərə verilib.

Daha sonra 2772 körpəyə Əli, 2584 nəfərə Hüseyn, 1797 nəfərə Məhəmməd adı qoyulub. Ötən ilin populyar kişi adlarının beşliyində 1593 nəfərə verilən Murad adı dayanır. Qadınlara gəlincə, qızlardan ötən il 3536-sına Zəhra, 3497-sinə Nuray, 2586-sına  Fatimə, 1591-inə Ayan, 1556-sına isə Aylin adları verilib. 2012-ci ilin ən populyar qadın adları sırasında isə bu dəfə Nuray üstünlük təşkil edir. Elektron statistikanın müəyyənləşdirdiyinə görə, hələlik 128 körpəyə bu ad verilib.

Bu ilin kişi adları sırasında isə 146 uşağa qoyulan Yusif adı üstünlüyi ilə seçilir. Amma adlarını sonradan bəyənməyənlərin də yeni ad seçimi etmək şansı var. Qoyulan adları yenidən dəyişdirmək hüququna malik olan istənilən şəxs soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün müvafiq sənədlərin təqdimi ilə yanaşı, 3 manat dövlət rüsumu da ödəməlidir.

Qeyd edək ki, “Ədliyyə Nazirliyinin elektron xidmətlər portalı”nda yer alan “Adların seçimi” respublika prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli fərmanından irəli gələn tapşırıqların icrası ilə bağlı hazırlanıb.
 
HƏQİQƏT




Baxış sayı: 1102

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024