12px13px15px17px
Tarix:02/04/12

BDU ilə ADU arasında yeni texnika və texnologiyaların mübadiləsi aparılacaq

Bu gün Bakı Dövlət və Azərbaycan Dillər Universitetləri arasında anlaşma memorandumu imzalanıb. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, memorandumu BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov imzalayıblar. Rektor A.Məhərrəmov dövlətin təhsil və elmə qayğısından danışıb.

Memorandumun əsas strategiyasının tələbələrin mobilliyinin artmasına imkan yaratmaq olduğunu bildirən A.Məhərrəmov deyib ki, qlobal cəmiyyətə inteqrasiyadan öncə daxilə inteqrasiya etmək daha vacibdir.

Rektorun sözlərindən məlum olub ki, memoranduma əsasən, “Boloniya prosesi”nə uyğun olaraq tələbələrin mübadiləsi və kreditlərin alınması, pedaqoji və elmi işçilərin, doktorantların müvafiq fakültələrdə, kafedralarda və tədqiqat laboratoriyalarında staj keçməsinin təşkili, yeni texnika və texnologiyaların mübadiləsi, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı nəzərdə tutulub.

Rektor onu da əlavə edib ki, bu gün dünyada gedən qloballaşma prosesində dünya xalqlarının inteqrasiyası, beynəlxalq dillərin tədrisinin yüksək səviyyədə olmadığı şəraitdə mümkün deyildir. Bu baxımdan, xüsusən, ali təhsil alan gənclərin dünyanın aparıcı dillərini öyrənməsi zəruridir.

Bütün bunları nəzərə alaraq universitetdə xarici dillərin tədrisini təkmilləşdirmək və tələbələrdə mükəmməl dilbilmə vərdişlərini aşılamaq, bununla əlaqədar ölkəmizdə dilin tədrisi sahəsində böyük təcrübəyə malik olan Azərbaycan Dillər Universitetinin imkanlarından yararlanmaq istərdik. Daha sonra rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı aparılan islahatlar haqqında da məlumat verib.

Məlum olub ki, universitetin əksər fakültələrində ingilisdilli qruplar var və həmin qruplarda bütün dərslər yalnız ingilis dilində keçirilir.
ADU-nun rektoru, professor Səməd Seyidov BDU-ya gəlişini və belə bir anlaşmanın imzalanmasını fəxarətverici hadisə hesab edib.

Bu anlaşmanın təhsil tarixinə təkanverici amil kimi yazılacağını deyən S.Seyidov BDU ilə tanışlıqdan sonra onu bir daha kəşf etdiyini, Azərbaycan təhsilinin, elminin, tarixinin, dilçiliyinin məhz bu ali təhsil ocağı ilə bağlı olduğunu deyib. Rektor bildirib ki, imzalanmış anlaşma memorandumu kağız üzərində qalmayacaq, Azərbaycan elminə, təhsilinə böyük dəstək və töhfələr verəcək.
 
Seymur QASIMBƏYLİ




Baxış sayı: 1247

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024