12px13px15px17px
Tarix:03/04/12

Azərbaycan və Litva “elektron hökumət” və “elektron imza” sahəsində təcrübə mübadiləsinin aparılması üzrə razılığa gəliblər

Aprelin 2-də Bakıda Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib. İclas barədə "İCTnews" elektron xəbər xidmətinə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Qurumdan qeyd edilib ki, komissiyanın həmsədrləri hər iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafında və ölkələrarası dostluq münasibətlərinin daha da dərinləşdirilməsində maraqlı olduqlarını, əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərildiyini, komissiyanın fəaliyyətinin qarşılıqlı faydalı əməkdaşlıqda vacib rol oynadığını qeyd ediblər.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində ciddi irəliləyişlərə nail olunduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin baş tutduğunu və əlaqələrin inkişaf etdirilməsi üçün geniş hüquqi baza yaradıldığını da vurğulayıblar. Qeyd olunub ki, indiyədək təkcə iqtisadi sahədə 10-dan çox müxtəlif saziş imzalanıb.

Tərəflər gələcək əməkdaşlıq sahələrini daha da genişləndirmək məqsədilə ticarət gəmiçiliyi, hava əlaqəsi, beynəlxalq avtomobil daşımaları, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, standartlaşdırma və metrologiya, elm, təhsil və texnologiya sahələrində əməkdaşlıq haqqında sənəd layihələrinin baxılması prosesinin sürətləndirilməsi barədə razılığa gəliblər.

İclasda iki ölkə arasında bütün sahələr üzrə münasibətlərin inkişaf etdirilməsi və daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub. Hər iki tərəfin müvafiq strukturlarını təmsil edən nümayəndələr investisiya mühiti, turizm potensialı, informasiya texnologiyaları və səhiyyə sahəsində aparılan islahatlarla bağlı təqdimatlarla çıxış ediblər. Azərbaycan və Litva arasında sənayenin müxtəlif sahələri üzrə müştərək istehsal müəssisələrinin yaradılması istiqamətində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Xüsusilə, maşınqayırma, elektrotexnika, informasiya texnologiyaları və digər sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılmasına dəstək verilməsi, qeyri-neft sənayesinin müxtəlif sahələrinə investisiya yatırılmasına köməklik göstərilməsi, Azərbaycan və Litva arasında enerji sektorunda əməkdaşlığın inkişaf  etdirilməsinin vacibliyi bildirilib. İclasda nəqliyyat sahəsində əlaqələrin inkişafı və bu sahədə hökumətlərarası sazişlərin imzalanması ilə bağlı məsələlər də ön plana çəkilib.

Azərbaycan yüklərinin Litvanın Klaypeda dövlət dəniz limanı vasitəsilə daşınması, GUAM üzvü ölkələrin tranzit potensialının həcminin artırılması məqsədilə TRACECA dəhlizinin marşrutlarının uzadılması imkanları müzakirə edilib. Bundan başqa, tərəflər rabitə və informasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlarını da ifadə ediblər.

Belə ki, Azərbaycan və Litva "elektron hökumət" və "elektron imza" sahəsində təcrübə mübadiləsinin aparılması üzrə razılıq əldə ediblər. İclasda Azərbaycan və Litva arasında kənd təsərrüfatı, mədəniyyət və turizm, səhiyyə, gənclər və idman sahəsində səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də müzakirə edilib.

Sonra Azərbaycan tərəfindən İkitərəfli Əməkdaşlıq üzrə Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının rəsmi saytının təqdimatı olub. Bir neçə dildə fəaliyyət göstərən sayt iki ölkənin sahibkarlıq subyektlərinin məlumatlandırılması, eləcə də ölkələrin investisiya imkanları barədə informasiyaların verilməsi işində maraqlı tərəflərə və sərmayəçilərə kömək məqsədilə yaradılıb. İclasda Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, vergilər naziri Fazil Məmmədov çıxış edərək bildirib ki, komissiyanın 2010-cu ildə Vilnüsdə keçirilən ilk iclasından sonra intensiv və məhsuldar iş aparılıb, əməkdaşlığın konkret istiqamətləri müəyyən edilib.

Fazil Məmmədov ölkələrimiz arasında ticarət dövriyyəsinin dinamikasının ölkələrimizin potensial imkanlarından az olmasını və onun gələcəkdə daha da artırılması və diversifikasiyası üçün iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Fazil Məmmədov Azərbaycan və Litva arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində sıx əlaqələr qurulduğunu vurğulayaraq, Avropa Qonşuluq Siyasəti, Avropa Birliyi Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində əməkdaşlığın uğurla həyata keçirildiyini də diqqətə çatdırıb.

Litvanın xarici işlər naziri, Hökumətlərarası Komissiyanın Litva tərəfindən həmsədri Audronius Ajubalis da Azərbaycanın Avropanın enerji təhlükəsizliyi prosesinin fəal iştirakçısı olduğunu, ölkələrinin bu sahəyə, habelə qarşılıqlı investisiyalara maraq göstərdiyini bildirib.

Audronius Ajubalis iki ölkənin sahibkarları arasında intensiv əlaqələr qurulduğunu,  2011-ci ilin fevral ayında Litva sahibkarlarından ibarət nümayəndə heyətinin ölkəmizə, 2012-ci ilin mart ayında isə Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin Litvaya səfərlərinin, bu səfər zamanı Litvanın sənaye parklarının və Kaunas və Klaypedada yerləşən iqtisadi zonaların fəaliyyəti ilə bağlı təcrübə mübadiləsi aparılmasının bu prosesə təkan verəcəyinə ümid etdiyini söyləyib. Audronius Ajubalis ötən müddətdə hər iki ölkənin şirkət və iş adamlarının müxtəlif sahələr üzrə təşkil olunan sərgilərdə iştirakının vacibliyini və əhəmiyyətini də vurğulayıb.

Hökumətlərarası Komissiyanın iclasının nəticələri ilə bağlı tərəflər arasında Protokol imzalanıb. Qeyd edək ki, İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ilk iclası 2010-cu ildə Vilnüs şəhərində keçirilib.



HƏQİQƏT




Baxış sayı: 1150

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024