12px13px15px17px
Tarix:09/04/12

“Azərkosmos” ASC peykin buraxılması ilə bağlı hazırlıq işlərini sürətləndirir

Ölkəmizdə texnologiya tutumlu sahələrin yeni təşəkkül tapmasına və peyk sənayesinin yaradılması işinə son illərdə başlanılmasına baxmayaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC-nin işçi heyətinə yüksəkixtisaslı kadrlar cəlb edərək, mütəmadi olaraq onların xaricdə ixtisasartırma məqsədilə müxtəlif təlimlər və kurslarda iştirakını təmin edə bilib.

Bununla yanaşı, “Azərkosmos” ASC bir sıra texniki və texnologiya yönümlü ixtisaslar üzrə təcrübəli mütəxəssislərin işə cəlb edilməsinə hər zaman böyük diqqət yetirir və maraqlanan namizədləri əməkdaşlıq etməyə dəvət edir.     (http://azerkosmos.az/vacancies/

Məlum olduğu kimi, bu ilin sonunda Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulub və bu istiqamətdə işlər uğurla həyata keçirilir. Xatırladaq ki, “Azerspace” adlanan ilk peykimiz ABŞ-ın aparıcı peyk istehsalçısı olan “Orbital Sciences Corporation” şirkəti tərəfindən “STAR-2” platforması əsasında hazırlanır.

Hazırda bu platforma üzərində yığılmış 22 peyk böyük müvəffəqiyyətlə istismar edilməkdədir. Peyk 2012-ci ilin son rübündə Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan, Fransanın “Arianespace” şirkətinin öz yüksək etibarlılığı ilə seçilən “Ariane-5″ raket daşıyıcısı ilə orbitə çıxarılacaqdır.

Peyk Malayziya hökumətinə məxsus, Malayziyanın “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və Azərbaycan hökumətinə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, o cümlədən Qafqaz  və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstərəcəkdir.

Peyk rəqəmli teleradio yayımı xidmətlərinin göstərilməsi, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, “VSAT” multiservis şəbəkəsinin, eləcə də hökumət əlaqələrinin yaradılması üçün nəzərdə tutulub. Peykin orbitdə istismar müddətinin 15 ilə qədər təşkil etməsi gözlənilir.

Bu il orbitə buraxılacaq telekommunikasiya peyki ilə yanaşı, yaxın üç il ərzində iki digər peykin də istifadəyə verilməsi planlaşdırılır. İnformasiya kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatının neftdən sonra ikinci əsas sahə elan olunduğu və  bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyi nəzərə alındıqda, gələcəkdə ölkəmizdə bu sahəyə, xüsusilə kosmik sənayeyə olan marağın və mütəxəssislər üçün tələbatın çoxalacağı gözlənilir.
 
  
      
 
 




Baxış sayı: 1924

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024