12px13px15px17px
Tarix:09/04/12

Vergi auditinin nəticələri ödəyicilərə elektron formatda göndəriləcək

"Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" respublika prezidentinin 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar Vergilər Nazirliyi Tədbirlər Planı qəbul edib. Nəzərdə tutulub ki, vergi orqanları bəyannamələri özləri tərtib edib vergi ödəyicilərinə göndərsinlər və onlar da razı olduqları təqdirdə imzalasınlar.

Çünki bəyannamələrin tərtibi vergi ödəyicilərinin vaxtını çox alır. Habelə, oxşar qayda ilə vergi auditinin nəticələri də elektron formatda vergi ödəyicisinə göndəriləcək. Bu proses, eyni zamanda, vergi ödəyicisinin hesabatları nazirliyə elektron formatda verməsini zəruri edir və buna görə də onlar bu prosesə hazırlaşmalıdırlar".

"İCTnews" elektron xəbər xidmətinə Azərbaycan-Türkiyə İş Adamları Birliyindən (ATİB) bildirilib ki, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəis müavini Məhiyəddin Namazov ATİB üzvləri ilə keçirilən görüşdə məlumat verib.

Vergi qanunvericiliyindəki ən son dəyişikliklər, vergi prosedurlarında gözlənilən yeniliklər, eləcə də ümumilikdə Azərbaycanın yaxın və orta gələcək üçün vergi siyasətinin əsas istiqamətlərindən danışan nazirlik rəsmisi qeyd edib ki, nazirliyin əsas fəaliyyətindən biri vergi ödəyicilərinə xidmət göstərilməsidir: "Bildiyiniz kimi, "195" telefon xidməti 24 saat xidmət göstərir. Bölgələrdə 30-dan artıq vergi mərkəzləri – terminallar fəaliyyətdədir ki, bunların əsas məqsədi vergi ödəyicilərinə hər cür xidmət göstərmək, o cümlədən vergi bəyannamələrinin doldurulması və hesabatların təqdim edilməsində yardım etməkdir.

Hazırda vergi hesabatları və bəyannamələrinin verilməsi prosesində vergi orqanları ilə ödəyicilər arasında kontaktın mümkün qədər azaldılması nəzərdə tutulur: Bunun üçün dünya praktikası öyrənilib və qərara alınıb ki, Niderland krallığının təcrübəsi tətbiq edilsin. Bununla bağlı onlarla müvafiq müqavilə də imzalanıb."

Vergi Məcəlləsinə dəyişikliklərin hazırlandığını söyləyən M.Namazov qeyd edib ki, hazırda bu proses başa çatmadığından detalları açıqlamaq mümkün deyil: "Dəyişikliklərin hazırlanmasında yalnız dövlət orqanları deyil, iş adamlarını təmsil edən qurumlar, o cümlədən ATİB yaxından iştirak edib.

Dəyişikliklərin nağd hesablaşmaların məhdudlaşması və qeyri-nağd hesablaşmaların stimullaşması, müəyyən vergi dərəcələrinin dəyişməsi, güzəştlər məsələsi, əsas vəsait anlayışı, bir sıra fərdi xidmət formalarının vergiyə cəlb olunması üsulu, əmlak vergisi kimi sahələri əhatə etməsi nəzərdə tutulur.

Dəyişikliklərin aprel ərzində hökumət tərəfindən müzakirə edilib ayın sonunda, yaxud mayın əvvəllərində Milli Məclisə təqdim olunması gözlənilir". M.Namazovun sözlərinə görə, nazirlik həmişə vergilərin sadələşməsinə çalışır: "Vergiləri nə qədər mürəkkəbləşdirsək, bir o qədər onların yığımı çətinləşir. Nazirliyin isə əsas vəzifələrindən biri vergi yığımını həyata keçirməkdir. Bunun üçün isə vergiləri maksimum sadələşdirməyə çalışırıq".
 
HƏQİQƏT
 




Baxış sayı: 1236

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024