12px13px15px17px
Tarix:10/04/12

İnternet vasitəsi ilə həkim qəbuluna düşmək olacaq

Bundan sonra həkim qəbuluna elektron qaydada da düşmək olacaq. “İCTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycanda həkim müayinəsinə getmək istəyən şəxslər elektron yolla qəbula yazıla biləcəklər. Lakin bu sistem hələlik bütün poliklinikalarda və xəstəxanalarda tətbiq olunmayacaq.

Sistem bir müddətlik sınaqdan keçiriləcək. Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə məsələ ilə bağlı danışarkən deyib ki, bu il ərzində elektron qeydiyyatın aparılması üçün proqram təminatının hazırlanması və tətbiqi nəzərdə tutulur: «Elektron qeydiyyat sistemi bu il ilk olaraq, Bakıda pilot seçilmiş bir neçə poliklinikada tətbiq ediləcək. Elektron qeydiyyat sistemi yalnız dövlət ambulator tibbi müəssisələrini əhatə edəcək.

Elektron qeydiyyat tətbiq edildikdən sonra pasiyent internetlə həkimin qəbuluna yazılacaq və növbəsini müəyyənləşdirəcək. Bunun da nəticəsində pasiyent əvvəlcədən müəyyən edilmiş vaxtda həkimin qəbuluna gələcək və öz növbəsində - gözləmədən qəbula girəcək».

Elektron qeydiyyat vasitəsi ilə pasiyentin həkimlərin hansı xəstəxanada çalışdığını öyrənə biləcəyini söyləyən C.Əsədzadənin sözlərinə görə, üstəlik, həkimlərin qəbul vaxtlarını da müəyyənləşdirmək olacaq: «Bu məlumat olduqdan sonra pasiyent istədiyi həkimi seçəcək və qəbul tarixini həkimin qrafikinə uyğun olaraq müəyyən edəcək.

Elektron qeydiyyatın aparılması üçün pasiyentlərdən əlavə avadanlıq və kart tələb edilməyəcək. Onlar, sadəcə, internet vasitəsilə sayt üzərindən qeydiyyata yazıla biləcəklər. Elektron qeydiyyatın nazirlik tərəfindən mərkəzləşdirilmiş sayt vasitəsilə həyata keçiriləcəyi gözlənilir».


SEYMUR




Baxış sayı: 1256

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Aprel 2024

27 04 2024