12px13px15px17px
Tarix:25/04/12

“Elektron hökumət” portalı istifadəyə verildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "Elektron hökumət" portalının təqdimatı keçirilib və birinci fazası istismara verilib.

Tədbirdə "Elektron Azərbaycan" Dövlət Proqramının və "Elektron hökumət" Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının, digər dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün istifadəyə verilən "Elektron hökumət" portalının "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar yaradıldığını bildirdi.

Nazir elektron xidmətlərin göstərilməsi üzrə işlərin dövlət başçısının daim diqqət mərkəzində olduğunu və onun Nazirlər Kabinetinin aprelin 16-da keçirilən 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət orqanlarında e-xidmətlərin təşkilində mövcud olan problemlərin tezliklə aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların ölkə başçısının görülən işlərə verdiyi əhəmiyyəti bir daha təsdiq etdiyini bildirdi.

Hazırda portal vasitəsilə 60-a yaxın e-xidmət göstərilir və onların siyahısı tədricən genişlənəcək. E-hökumət portalı artıq istifadə üçün açıqdır və www.ehdis.az ünvanında fəaliyyət göstərir.

Tədbirdə həmçinin portalın yaradılması üzrə görülən işlərlə bağlı məruzə dinlənildi, əyani şəkildə onun iş prinsipi nümayiş olundu. Bundan başqa, bir sıra nazirliklər və komitələrdə aparılan işlərlə bağlı fikirlər səsləndirildi.

Tədbirin yekununda nazir "Elektron hökumət"in formalaşdırılması üzrə verilmiş tapşırıqların icrasının sürətləndirilməsi, qurumlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və elektron xidmətlərin tətbiqinin sürətləndirilməsi ilə bağlı səylərin artırılmasını vurğuladı. Dövlət başçısının sərəncamı ilə yenicə yaradılmış Elektron Hökumət üzrə Dövlət Agentliyinin fəaliyyətinin təşkili, onun e-xidmətlərin göstərilməsinin daha da sürətləndirilməsi ilə bağlı fikirlərini bölüşdü və tam həcmdə e-xidmətlərin göstərilməsi üçün işlərin davam etdirilməsinin zəruriliyini qeyd etdi.

Tədbir çərçivəsində "E-hökumət" portalının fəaliyyətini təmin edən infrastruktura baxış da keçirildi.



Baxış sayı: 1300

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024