12px13px15px17px
Tarix:07/05/12

"AMİU-da elektron xidmətlər" mövzusunda tədbir keçiriləcək

"AMİU-da elektron xidmətlər" mövzusunda tədbir keçiriləcək Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU) müəllim və tələbə heyətini "Microsoft"un "Live@Edu" texnoloji platforması bazasında çalışan rəsmi e-poçt ünvanları ilə təchiz edəcək.

"İCTnews" elektron xəbər xidmətinə bu barədə "Microsoft Azərbaycan"ın Təhsildə Əməkdaşlıq Proqramının rəhbəri Emin Axundov məlumat verib. E.Axundov qeyd edib ki, bununla bağlı mayın 7-də Azərbaycan Memarlıq və İnşaat Universitetində "AMİU-da elektron xidmətlər" mövzusunda tədbir keçiriləcək: "Bu ünvanların verilməsi universitetdə xüsusi korporativ ünsiyyət mühitini yaratmış olacaq. Bundan sonra universitetin elektron universitet, elektron qiymətləndirmə və s. kimi elektron xidmətlərinin tətbiqi mümkün olacaq, çünki e-poçt olmadan heç bir qarşılıqlı ünsiyyət qurmaq mümkün deyil. Bu sistemdə e-poçtlar AMİU-nun rəsmi domen adı altında yaradılacaq".

Layihənin reallaşması üçün universitet seçiminə gəlincə, E.Axundov bu istiqamətdə bir neçə ali təhsil müəssisəsi ilə danışıqlar aparıldığını deyib: "İlk olaraq AMİU layihənin həyata keçirilməsinə böyük maraq göstərdiyi üçün işlərə də məhz bu təhsil müəssisəsindən başladıq. Hazırda "Microsoft Azərbaycan"ın layihələri üzrə bir neçə universitetlə müzakirələr gedir. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanın hər bir ali təhsil ocağı müəllim və tələbələrini elektron ünsiyyət alətləri ilə təchiz edib bütün işlərini elektron vasitələrlə təkmilləşdirəcək. Biz "Microsoft" şirkəti olaraq hər bir təhsil ocağına bu xidməti pulsuz təqdim etməyə hazırıq".

Qeyd edək ki, korporativ elektron ünsiyyət sistemi olan "Live@Edu" bütün təhsil sektorunu birləşdirəcək şəbəkədir. Adıçəkilən xidmətə elektron poçtdan əlavə, fərdi təqvim, fərdi qruplar, 7 Gb-lıq internet sahə, "Microsoft Office" proqramlar dəstinin onlayn versiyaları daxildir.

E.Axundov hesab edir ki, bu şəbəkədə çalışan elektron poçt ünvanlarının olması müxtəlif səviyyələrdə ünsiyyət üçün geniş imkanlar da yaradacaq: "Artıq bu ünvanlarla xarici həmkarlarla əlaqə saxlandıqda, ünvanların hansı sahəyə, eləcə də hansı təhsil müəssisəsinə aid olduğu bəlli olacaq.

Məqsədimiz hər bir Azərbaycan müəllimi, tələbəsinin e-poçtla təmin olunmasıdır ki, universitet elektron xidmətlər sahəsində fəaliyyətini normal şəraitdə apara bilsin".

HƏQİQƏT



Baxış sayı: 1905

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024