12px13px15px17px
Tarix:08/05/12

Kibercinayətkarlığa qarşı konfrans keçiriləcək

Bu il iyunun 6-8 tarixlərində Fransanın Strasburq şəhərində kibercinayətkarlığa qarşı “Octopus” konfransı keçiriləcək. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, 4-5 iyunda isə konfransın Məşvərət Şurasının iclası təşkil olunacaq: «Məlum olduğu kimi, kibercinayətkarlıqla mübarizə tədbirləri Avropa Şurasının 2001-ci il Budapeşt konvensiyası ilə tənzimlənir.  Konvensiyaya əsasən Avropa Şurasının (AŞ) üzvü olan dövlətlər qoşula bilər. Ancaq təcrübə göstərir ki, bura yalnız AŞ üzvü olan ölkələr deyil, eyni zamanda digər dövlətlər də qoşulur.

Bünün üçün də xüsusi prosedur var. Prosedur ondan ibarətdir ki, AŞ üzvləri digər dövlətlərin konvensiyaya qoşulması ilə əlaqədar öz müsbət rəylərini bildirməlidirlər. Konvensiyaya bu günə qədər Amerika Birləşmiş Ştatları, Cənubi Afrika Respublikası və digər ölkələr də qoşulub. Meksika da artıq qoşulmaq ərəfəsindədir. Bu da ondan irəli gəlir ki, sözügedən konvensiya kibertəhlükəyə qarşı mübarizə sahəsində qlobal səviyyədə yeganə beynəlxalq mexanizmdir.

Doğrudur, bununla bağlı dünyada müxtəlif təşəbbüslər var. Bəzi ölkələr qrupu var ki, onlar konvensiyanı tam həcmdə qəbul etmirlər. Məsələn, Çin və Rusiya hesab edir ki, BMT çərçivəsində kibercinayətkarlığa qarşı mübarizə üzrə xüsusi bir mexanizm yaradılması məqsədəuyğun olardı. Bundan başqa, Beynəlxalq Telekommunikasiya İttifaqı təşəbbüs irəli sürüb ki, qurumun nəzdində bu məsələlər müzakirə olunsun.

Lakin bütün bunlara baxmayaraq faktiki olaraq bu gün kibercinayətkarlığa qarşı mübarizə ilə əlaqədar fəaliyyət göstərən, bu sahədə effektiv mübarizəni təmin edən «beynəlxalq alət» mexanizm institutu 2001-ci ildə Kibercinayətkarlıq haqqında Budapeşt konvensiyasıdır. Hər il konvensiyanın ildönümü ilə bağlı müxtəlif ölkələrin  sahə mütəxəssislərini  bir araya toplayan “Octopus” adlı konfrans keçirilir».

Adıçəkilən konvensiyanın Məşvərət Şurasının iclasından söz açan B.Məmmədov deyib ki, bu il düzənlənəcək Məşvərət Şurasında “bulud” texnologiyaları ilə bağlı yaranan problemlər müzakirə olunacaq: «Müasir dövrdə kompyuter cinayətləri hüquqi müstəviyə aid deyil. Xüsusən “bulud” kompyuter texnologiyalarının tətbiqi cinayətlərin müxtəlif ölkələrdə həyata keçirilməsinə şərait yaradır. Bununla bağlı dəyən ziyan, toplanan sübutlar, iştirakçılar müxtəlif yurisdiksiyaları əhatə edir.

Bu da öz növbəsində sərhədlərarası informasiya mübadiləsi aparmaq üçün müəyyən zəruri addımların atılmasını tələb edir. Tutaq ki, bu cinayətkarlıq bir neçə ölkəni əhatə edir. Ona qarşı mübarizədə operativliyi təmin etmək üçün onlar barəsində dərhal məlumatlar toplanmalıdır. Bunun üçün də,  dövlətlər bir-birilərinə həmin məlumatlara çıxış imkanları verməlidir.

Konvensiyanın 32-ci maddəsində göstərilir ki, hansı hallarda bütün prosedurları etmədən bir dövlət  digər dövlətlə operativ şəkildə əməkdaşlıq edərək cinayətdə əlləri olan təsisatlar, insanlarla bağlı məlumatlar ələ keçirə bilər. Lakin bu maddəyə heç də bütün dövlətlər razılıq vermir. Məsələn, Rusiyanın mövqeyi belədir ki, səlahiyyətli dövlət orqanlarının icazəsi olmadan bu məsələni həyata keçirmək olmaz. Çünki bu, informasiya resurslarından digər arzuolunmaz məlumatların ötürülməsinə də təhlükə yarada bilər.

Ona görə də onlar hesab edir ki, cinayət təqibi sahəsində əməkdaşlıq yalnız ikitərəfli çərçivədə olmalıdır. Lakin Budapeşt konvensiyasında bildirilir ki, bu cinayətlər elə xarakter daşıyır ki, burada tez  bir zamanda məlumatı ələ keçirmək lazımdır.

Amma bununla bağlı sənədləşməni icra etsən, onda cinayətkarlar qaça bilər və təhlükəsizlik təmin olunmaz. “Bulud” kompyuter texnologiyası tətbiq olunandan sonra bu məsələ daha çox aktuallaşıb. Çünki əgər əvvəllər serverlər bir yerdə idisə, indi tamamilə başqa-başqa ölkələrdə yerləşir. Ona görə də zəruridir ki, dövlətlər bu məsələdə əməkdaşlıq etsin».

B.Məmmədov onu da bildirib ki, Azərbaycan da sözügedən konvensiyanın üzvü olduğu üçün ölkədə 24 saat və həftənin 7 günü fəaliyyət göstərən Əlaqələndirmə Nöqtəsi yaradılıb. Onun fəaliyyətini və operativliyini də cavabdeh orqan kimi Milli Təhlükəsizlik Nazirliyi həyata keçirir: «Yəni Azərbaycana lazım olan məlumatlar operativ şəkildə digər ölkələrdən alınır, eləcə də Azərbaycanda da kimsə kibercinayətkarlıqla məşğul olursa, operativ olaraq bu əlaqə vasitəsilə digər ölkələr məlumatlandırılır.

Bir nüansı da qeyd edim ki, artıq Avropa İttifaqı çərçivəsində də bu məsələ ilə bağlı yeni bir qurum yaradılıb. 28 mart tarixində Avropa İttifaqı Komissiyasının Niderland Krallığının Haaqa şəhərində Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin yaradılması barəsində qərar qəbul edilib.

Bu qurum Avropa İttifaqı üzv dövlətlərinin birgə polis orqanı olan “Avropol”un tərkibində fəaliyyət göstərəcək. O da Avropa İttifaqı ölkələrinin səylərinin koordinasiyasını, həmçinin kibercinayətkarlığa qarşı mübarizədə dövlətlərin birgə əməkdaşlığını təmin edəcək. Zənnimcə, biz də gələcəkdə onlarla əməkdaşlıq edə bilərik».

Octopus konfransında virtual aləmdə uşaqların qorunması məsələsinin də  müzakirə ediləcəyini önə çəkən B.Məmmədovun sözlərinə görə, bu istiqamətdə dövlətlərin həyata keçirdiyi mübarizə tədbirləri çərçivəsində mübadilə aparılacaq: «Eyni zamanda kibercinayətkarlıq sahəsində qanunvericilik məsələləri müzakirə olunacaq. Eləcə də informasiya mübadiləsi sahəsində ölkələr arasında təcrübə mübadiləsi aparılacaq».

SEYMUR




Baxış sayı: 2145

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024