12px13px15px17px
Tarix:11/05/12

Moris Vinsent Uilks mikroproqramlaşdırma ideyasının müəllifi

Kompyuter texnikasının yaranma tarixində xüsusi mövqeyə malik ixtiraçı alimlərdən biri də Moris Vinsent Uilksdir. Görkəmli ixtiraçı saxlama proqramlı kompyuterlərin, alt proqram kitabxanasının və multiproqramlaşdırma sahəsinin ilk yaradıcısı hesab olunur.

M.V.Uilks 1913-cü il, 26 iyul tarixində İngiltərənin Staffordşir qraflığının Dadli ərazisində anadan olub. 1934-cü ildə Müqəddəs Con kollecini bitirən Uilks təhsilini Kembric Universitetində davam etdirir. O, uzun radio dalğaların ionosferdə yayılmasına həsr olunmuş elmi işinə görə fəlsəfə doktoru dərəcəsini alır.

M.Uilks universiteti bitirəndən sonra riyaziyyat laboratoriyasında demonstrator (ABŞ-da professor assistenti vəzifəsinə uyğun gəlir) vəzifəsinə təyin olunur. Onun vəzifəsinə yeni diferensial analizatorun işinə nəzarət və Mançester Universiteti ilə bu sahədəki konsultasiya işi daxil idi. II Dünya müharibəsi illərində Uilks orduda xidmət edir. 1945-ci ilin sentyabrında Kembricə qayıtdıqdan sonra riyaziyyat laboratoriyasının direktoru təyin olunur və bu vəzifədə 1980-ci ilə qədər çalışır.

1946-cı ildə C.F.Neymanın “EDVAC” kompyuterinə həsr olunmuş qeydlərinin bir nüsxəsini əldə edir və bir gecədə bu hesabatı oxuyub anlamağa nail olur. Burada kompyuterdə proqramın köçürülməsi və saxlanması təsvir olunmuşdu. Hesabatda əks olunan bütün detallarla ətraflı tanış olan Uilks 1946-cı il, iyulun 8-dən avqustun 31-dək Pensilvaniya Universitetinin Mur Məktəbində “Elektron rəqəmli kompyuterlərin quraşdırılmasının metodları və nəzəriyyəsi” adlı mühazirələrdə iştirak  edir.

O, burada “ENİAC” və “EDVAC” kompyuterləri  haqqında ətraflı biliklərə yiyələnir. M.Uilks yazır: “Mənim həyatımda ən önəmli  hadisə 1946-cı ildə baş verdi. Mənə kompyuterlər barədə təlim kurslarını dinləmək nəsib oldu və bu, məndə çox güclü təəssürat yaratdı”.

Kursu 28 nəfər və 20 təşkilat dinləyirdi. Əsas təlimçilər Mauçli və Ekkert idi. Həmin dövrdə onlar artıq “ENİAC” və “EDVAC”-ın quraşdırılması prinsiplərinin yaradıcıları kimi şöhrətin zirvəsində idilər.
 
Uilks Kembricə qayıtdıqdan sonra riyaziyyat laboratoriyasının gücü hesabına saxlama proqramlı kompyuterin hazırlanması layihəsini həyata keçirməyə başlayır. Layihəni reallaşdırmaq üçün laboratoriyanın kifayət qədər imkanları vardı. Növbəti 3 il “EDSAC” (Electronic Delay Storage Automatic Calculator) hazırlanmasına həsr olunur və maşın 1949-cu il, may ayının 9-da işləməyə başlayır.

Bu kompyuter mahiyyət etibarilə “EDVAC” layihəsinin eyni idi. Lakin Uilks “EDSAC”-ın proqramlaşdırma işində bəzi məqamların ilk təşəbbüskarı və yaradıcısı idi. Hər bir əmrin kodlaşdırılması qaydası 2 rəqəmin(1 və 0) köməyilə reallaşırdı. Görkəmli alim maşınla ünsiyyətin rahat yollarını təqdim etməyə çalışırdı. Belə ki, bu səylərin ilk nəticəsi ingilis dilindən götürülmüş hərflər və qısa sözlər əsasında yaradılan yeni kodlar idi. O,  yaddaşı mükəmməlləşdirmək (mnemonika) üçün hər əmri hərflərlə işarə etmişdi. Məsələn, S-oxuma, T-məlumatları yaddaşa ötürmə, Z-maşının dayanması və s.

“EDSAC”-da mnemonikanın yaradılmasından daha önəmli bir yenilik alt proqram kitabxanası olub. Qeyd etmək lazımdır ki, artıq proqramçılar alt proqramdakı “q” ilə tanış idilər. Q.Hopper və komandası isə alt proqramları H.Aykenin Harvard maşınında tətbiq etmişdilər. Problem ondan ibarət idi ki, yaddaşdakı dəyişdirilmiş alt proqramlar və yerləşdirilən əmr sonuncunun yerləşməsindən asılı olaraq dəyişirdi.

Yaddaşın müəyyən yerində alt proqramın sazlanmasının avtomatlaşdırmaya ehtiyacı vardı. İlk dəfə olaraq bu, “EDSAC” kompyuterində öz həllini tapıb. EDSAC proqramçıları kitabxananı təşkil edən, vahid şəklə salınmış (unifikasiya edilmiş) alt proqram dəstini yazmışdılar. Bundan sonra qısa əmri belə daxil etmək kifayət edirdi ki, kompyuter əsas proqram daxilində sazlama və alt proqramın yerləşməsinə dair bütün işləri müstəqil olaraq yerinə yetirsin.

M.Uilks EDSAC üçün mnemonika sxemini və alt proqram kitabxanasını toplayıcı sistem (assembly system) adlandırıb. Buradan da assembler termin yaranıb. Hazırki vaxtda kiçik proqram dilləri assambler  dilləri adlanır. Beləliklə, Uilks assambler dilləri adlandırılan bu dillərin yaradıcılarından biri hesab olunur.
Qeyd edək ki, əsas parametrlərə cavab verən EDSAC kompyuteri Kembricdə həyata keçirilən nüvə araşdırılmalarında müvəffəqiyyətlə istifadə olunub.
 
M.Uilks mikroproqramlaşdırma ideyasının müəllifi hesab olunur
 
50-ci illərin əvvəllərində Uilksin rəhbərlik etdiyi heyət EDSAC kompyuterinin 2-ci versiyası – EDSAC II maşınını hazırlamağa başladılar və bu iş 1958-ci ildə başa çatdırıldı. Bu kompyuterin haırlanmasında ilk dəfə olaraq mikroproqramlaşdırma ideyasından istifadə olunub. Məlumdur ki, kompyuterlərin quraşdırılmasında həll edilməsi vacib olan önəmli məsələlərdən biri də bu maşınlarda informasiya daşıyan elektrik siqnal axınını necə idarə etmək işidir. Uilksin irəli sürdüyü mikroproqramlaşdırma ideyası idarəetmə funksiyasını anlamağı asanlaşdırırdı. Ən önəmlisi isə o idi ki, bu prinsip maşına elastiklik verirdi: idarəetmə sistemini aparat hissəsini yenidən quraşdırmadan dəyişmək mümkün idi.

M.Uilks mikroproqramlaşdırma sahəsində ideyalarını 1951-ci ildə Mançester Universitetində keçirilən konfransda “Avtomat hesablama maşınlarının ən yaxçı quraşdırma metodu” adlı hesabatında bəyan edir. Bu metod multiproqramlaşdırma texnikasının əsası oldu və uzun müddət – 70-ci illərin əvvəllərinə qədər populyar idi.

1951-ci ildə Uilks həmkarları D.Uiller və S.Qillə birlikdə proqramlaşdırmaya dair ilk dərsliyi yazıb.
Qeyd edək ki, EDSAC-II kompyuteri yaradılandan sonra kompyuterlərin inkişafının hansı istiqamətdə gedəcəyini müəyyənləşdirdi. Bu da layihənin mükəmməlliyindən və peşəkarcasına hazırlamasından xəbər verirdi.

1965-ci ildə Uilks C.Lanqla birgə DEC kompaniyasını PDP-7 kompyuterinin əsasında minikompyuterlərin avtomatlaşdırma sistemi layihəsinin hazırlanmasında iştirak  edib. Bu sistem 15 ilə təkmilləşdirilib.
1974-cü ildə dahi ixtiraçı Kembric Universitetinin korporativ şəbəkəsinin yaradılması işinə başlayıb və 1980-ci ildə ali təhsil ocağını tərk edib. Bundan sonra DEC kompaniyasının konsultantı olur, daha sonra isə Olivetti Research Board təşkilatında elmi araşdırmalar üzrə elmi şuranın üzvü olur. Kembricə qayıtması ilə o, ehtiyatda olan əməkdar professora çevrilir və 1993-cü ildə Uilksə fəxri elmlər doktoru aı verilir.

O, Britaniya Kompyuter Cəmiyyətinin ilk prezidenti, Kral Cəmiyyətinin, o cümlədən İspaniyanın, Amerikanın, Almaniyanın və digər bir sıra ölkələrin akademiyalarının üzvü olub. O, həmçinin, saxlama proqramlı kompyuterlərin, alt proqram kitabxanasının və multiproqramlaşdırma sahəsinin ilk yaradıcısı kimi Tyurinqov mükafatına layiq görülüb.
2010-cu il, noyabr ayının 29-da 97 yaşlı M.V.Uilks Kembric şəhərində vəfat edib.
 
Cahangir ATAKİŞİYEV



Baxış sayı: 1346

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024