12px13px15px17px
Tarix:24/05/12

Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin platformasında “Hökumət Ödəniş Portalı” yaradılır

Azərbaycanda Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin platformasında “Hökumət Ödəniş Portalı” yaradılır. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Mərkəzi Bankın (MB) Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin direktor müavini Vahid Qubanlı məlumat verib.

Onun sözlərinə görə, son dövrlərdə ölkə başçısı tərəfindən imzalanan bir sıra fərmanlarda vergi, rüsum, icarə haqqı, digər ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdankənar nağd qaydada aparılmasının aradan qaldırılması, təsərrüfat subyektlərində nağd şəkildə hesablaşmaların minimuma endirilməsi, inzibati xətalara görə cərimələrin, gömrük ödənişlərinin yalnız bank vasitəsilə toplanmasının təmin edilməsi və bütövlükdə nağdsız ödənişlərin stimullaşdırılması barədə müvafiq tapşırıqlar verilib: “Eyni zamanda, modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” respublika prezidentinin 23 may 2011-ci il tarixli fərmanında nəzərdə tutulmuş əsas tədbirlərdən biri də göstərilən xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsidir. Verilmiş tapşırıqların icrası və həmçinin dövlət qurumlarının ödəniş sistemləri infrastrukturuna inteqrasiyası istiqamətində Mərkəzi Bank tərəfindən bir sıra işlər görülüb”.

Belə ki, 8 avqust 2011-ci il tarixindən etibarən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin daxili informasiya sistemi Mərkəzi Bank tərəfindən yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS) inteqrasiya edilərək sürücülərə yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələrini müasir ödəniş mexanizmlərindən və geniş xidmət şəbəkəsindən istifadə edilməklə rahat ödənilməsi imkanı yaradılıb: “Vergi, rüsum, cərimə, icarə haqqı və digər büdcə ödənişlərinin Milli Ödəniş Sisteminin bütün ölkəni əhatə edən geniş infrastrukturu vasitəsilə toplanılması, təmin edilməsi məqsədilə əlaqədar dövlət qurumlarının müraciətləri nəzərə alınmaqla “Hökumət Ödəniş Portalı”nın yaradılması qərara alınıb və bu istiqamətdə işlər müvəffəqiyyətlə davam etdirilir”.

 Direktor müavininin sözlərinə görə, layihənin ilkin mərhələsində Vergilər və Maliyyə nazirliklərinin aktiv iştirakı ilə bu qurumlar tərəfindən toplanması təmin edilən vergi və tədiyə növlərinin 90 iqtisadi təsnifat kodu üzrə ödənişlərinin “Hökumət Ödəniş Portalı” vasitəsilə toplanması təmin edilib. Hal-hazırda mərkəzləşdirilmiş xəzinə hesabı ilə iş rejiminə keçmiş Bakı, Sumqayıt və Gəncə şəhərləri, həmçinin Abşeron və Xaçmaz rayonları üzrə vergi ödəyiciləri haqqında məlumat sistemin mərkəzi informasiya bazasına yüklənib: “İstifadəçilər üçün yaradılmış yeni imkan sayəsində ödənişlər qəbul edilərkən büdcə təsnifatının kodu, büdcə səviyyəsinin kodu və büdcə təşkilatının kodu kimi rekvizitlər avtomatik rejimdə sistem tərəfindən müəyyənləşdirilir və ödəniş tranzaksiyasına əlavə edilir. Bununla da ödənişlərin qəbul edilməsi prosesi sadələşdirilərək, baş verən səhvlərin sayının minimuma endirilməsi və ödəniş tranzaksiyalarının Dövlət Xəzinədarlığı Agentliyinin daxili informasiya sistemində avtomatik emalı təmin edilir.

Yaradılmış imkan nəticəsində sözügedən regionlarda qeydiyyatdan keçmiş vergi ödəyiciləri 40 bankın və “Azərpoçt” MMC-nin 1200-ə yaxın ödəniş məntəqəsində, eyni zamanda, sistemin internet səhifəsində (http://www.apus.az/) və həmçinin Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında ödəniş kartları vasitəsilə qeyd olunan vergi və tədiyə növləri üzrə ödənişlərini apara bilərlər”. V.Qubanlı bildirib ki, növbəti mərhələlərdə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və digər hökumət qurumlarının daxili informasiya sistemləri “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunacaq.
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 1700

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020