12px13px15px17px
Tarix:30/05/12

Bakıda sahibkarlar və gənc menecerlərə elektron ticarətin yolları izah olundu

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar və gənc menecerlər üçün “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları”, “Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu” və “Biznes-planların hazırlanması üzrə yaradılmış xüsusi proqram təminatından istifadə” mövzularında treninqlər keçirilib. Treninqlərdə İqtisadi İnkişaf Nazirliyinin, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları, eləcə də Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar və gənc menecerlər iştirak ediblər.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən qeyd edilib ki, treninqlərdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramının ("GSP+") əsas xüsusiyyətləri, sistemin biznes üçün potensial faydası barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin, elektron ticarət və onun əhəmiyyəti, elektron ticarətin mahiyyəti və prinsipləri,  elektron ticarətlə bağlı beynəlxalq təcrübə, elektron ticarətin biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə ətraflı məlumat verilmiş, “www.b2b.az” elektron ticarət portalının təqdimatı keçirilib.

Qeyd edilib ki, respublika prezidentinin sərəncamı ilə təsdiqlənmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycanda “elektron ticarət”in yaradılması sahəsində işlərin intensivləşdirilməsi barədə İqtisadi İnkişaf Nazirliyinə tapşırıq verilib.

Bu tapşırıqların icrası məqsədilə İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə elektron ticarət portalı (E-trade) yaradılıb: “Elektron ticarət portalı sahibkarlığın inkişafına dövlət dəstəyinin daha bir nümunəsidir və sahibkarlara biznes əlaqələrinin qurulmasında etibarlı köməkçi, dünya bazarına daha rahat çıxmağa imkan yaradan vasitədir.

Portaldan istifadə iş adamlarına istehsal etdikləri məhsullar və göstərdiyi xidmətlər barədə məlumatların potensial alıcılara çatdırılmasına, biznes əlaqələrinin genişləndirilməsinə, bazarlara sərbəst çıxışının təmin olunmasına, alıcıların bu məhsul və xidmətlərə tələbatı barədə informasiya əldə etməsinə imkan yaradacaq.

Müasir elektron informasiya texnologiyaları əsasında qurulmuş portalda daxili mesaj sistemi fəaliyyət göstərir ki, bu da alıcı və satıcı arasında məlumat mübadiləsi funksiyasını yerinə yetirir. Elektron ticarət portalı istifadəçilərə məlumat dəstəyi də göstərir.

Bu, təhlil və informasiya xarakterli materialların hazırlanması və portal vasitəsilə təqdim edilməsi yolu ilə həyata keçirilir”. Açıq elektron informasiya mübadiləsi və ticarət portalı olan “www.b2b.az”  3 dildə (Azərbaycan, ingilis və rus) təqdim edilir: “Sahibkarlıq subyektləri portalın xidmətlərindən istifadə etmək üçün ona üzv ola bilərlər. Bunun üçün portalın qeydiyyat bölməsindəki formanı dolduraraq qeydiyyatdan keçmək kifayətdir. Fəaliyyət sahəsindən asılı olmayaraq bütün sahibkarlıq subyektləri portalın xidmətlərindən istifadə edə bilər. Portalın xidmətlərindən istifadə pulsuzdur.

 "B2B", yəni “business to business” modeli əsasında qurulan portalın məqsədi yerli biznes nümayəndələri, onların istehsal etdikləri məhsullar və göstərdiyi xidmətlər barədə informasiyaları potensial alıcılara çatdırmaq yolu ilə biznes əlaqələrinin qurulmasını dəstəkləməkdən, bazarlara sərbəst çıxışı təmin etməkdən ibarətdir”.


HƏQİQƏT




Baxış sayı: 1575

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024