12px13px15px17px
Tarix:05/06/12

“Azərkosmos” ASC-nin internet səhifəsi istifadəyə verildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC-nin internet səhifəsi istifadəyə verilmişdir (http://www.azercosmos.az/). İnternet səhifəsində  “Azərkosmos”  ASC-nin yaranma səbəbləri və tarixçəsi, məqsəd və fəaliyyət istiqamətləri, qanunvericilik əsası, təşkilati quruluşu, idarəetmə üsulları, vakansiyalar və işəgötürmə qaydaları kimi ümumi məlumatlarla yanaşı, 2012-ci ilin sonunda orbitə buraxılması planlaşdırılan ilk telekommunikasiya peykinin əhatə dairəsi, peyk vasitəsilə göstəriləcək xidmət növləri, peyki idarəetmə mərkəzləri barədə ətraflı məlumatlar da öz əksini tapmışdır.

Ölkəmizdə texnologiya tutumlu sahələrin yeni təşəkkül tapmağa başladığı və peyk sənayesinin yaradılması işinə son illərdə başlanıldığı nəzərə alındıqda, Azərbaycanda və Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC-nin internet səhifəsinin istifadəyə verilməsi ictimaiyyətin kosmik sənaye ilə bağlı ümumi məlumatlılıq səviyyəsinin artırılması, strateji əhəmiyyət kəsb edən peyk layihələrinin icra vəziyyəti barədə vahid məlumat bazasının yaradılması, habelə “Azərkosmos” ASC-nin öz fəaliyyətini ictimaiyyətlə qarşılıqlı əlaqələr zəminində qura bilməsi baxımından əlamətdar haldır.

 “Azərkosmos” ASC kommersiya təşkilatı olduğu üçün, ilk telekommunikasiya peyki orbitə buraxıldıqdan sonra, saytın biznes dairələri ilə işgüzar ünsiyyətə yönələn formatda istifadə olunması da nəzərdə tutulmuşdur. 

Peykin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin təşkili məqsədilə 2010-cu ildə təsis edilən “Azərkosmos” ASC fəaliyyət göstərdiyi qısa müddət ərzində kosmik sənaye üzrə aparıcı xarici şirkətlər və maliyyə təsisatları ilə sıx əməkdaşlıq yaratmış, bir sıra beynəlxalq təşkilatlarla regional əməkdaşlıq istiqamətində mühüm işlər aparmışdır.

Bu il orbitə buraxılacaq telekommunikasiya peyki ilə yanaşı, yaxın üç il ərzində iki digər peykin də istifadəyə verilməsi planlaşdırılır. Hazırda ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə əlaqədar hazırlıq işləri ilə məşğul olan “Azərkosmos” ASC, eyni zamanda 2013-cü ildə orbitə buraxılması nəzərdə tutulan aşağıorbitli peykin imkanlarının ölkəmizdə istifadə istiqamətlərinin öyrənilməsi məqsədilə yerli və xarici bazarlara dair araşdırmalar aparılması və peykin texniki parametrlərinin müəyyən edilən tələblər əsasında qurulması üzrə işlərə başlamışdır.   

RƏVAN




Baxış sayı: 2262

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024