12px13px15px17px
Tarix:16/06/12

“Oracle” korporasiyası 35 yaşını qeyd edir

“Oracle” korporasiyası 2012-ci il iyunun 16-da 35 yaşını qeyd edir. Hazırda şirkətin 145 ölkədə bölməsi mövcuddur. 2011-ci ilə olan məlumata görə, korporasiyada 108 min əməkdaş çalışır. Şirkətin qərargahı ABŞ-ın Kaliforniya ştatında yerləşir.

Şirkət 1977-ci ildə ABŞ-ın Kaliforniya ştatının Santa-Klara şəhərində Larri Ellison, Bob Mayner və Ed Outs tərəfindən “SDL” (ing. Software Development Laboratories) adı altında yaradılıb. Hər üç təsisçi bundan əvvəl “Ampex” şirkətində ABŞ-ın MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) sifarişi əsasında “Oracle” kod adına malik layihə üzərində işləyiblər.

“Oracle” VBİS-in (Verilənlər bazasının idarəetmə sistemləri) ilk buraxılışı “v2” kimi nömrələndi. Ellison marketinq nöqteyi-nəzərindən Bill Qeytsdən istedadlı idi. Belə ki, “Microsoft” şirkətinin təsisçisindən fərqli olaraq, Ellison marketinq fərasəti işlətdi, ona görə də məhsulun birbaşa ikinci versiyası işıq üzü gördü.

“Oracle v2” sistemi “PDP-11” maşını üçün assembler proqramlaşdırma dilində yazılmışdı və “RSX-11” əməliyyat sistemi ilə işləyirdi. 1979-cu ilin  ortalarında ABŞ Hərbi Hava Qüvvələrinin Rayt-Paterson təyyarə bazası “Oracle v2”-ni satın aldı və şirkətin ilk sifarişçisi oldu. Məhz bu illərdə “SDL” adı “RSI” (Relational Software, Inc.) adına dəyişdirildi. “Oracle v2” SQL sorğu dilini dəstəkləyən birinci ticarət VBİS-i və birinci relyasiyalı VBİS-dən biri hesab edilir.

“Oracle” VBİS-in əsas üstünlüyü böyük tutuma malik informasiya massivinin yüksək emal edilməsi sürəti idi. “IBM” korporasiyasının “System R” layihəsindən fərqli olaraq, “Oracle v2” informasiyanı daha zəif maşında da emal edə bilirdi. Bu, Ellisonun “uşağ”ının 80-ci illərin əvvəllərində geniş populyarlıq qazanmasına səbəb oldu.

“Oracle v2” məhsulunun uğurları sayəsində “RSI” 1982-ci ildə  “Oracle” adına dəyişdirildi. 1983-cü ildə VBİS-in üçüncü versiyası istifadəyə verildi: o, “C” proqramlaşdırma dilində yenidən yazılmışdı və onu müxtəlif kompyuter sistemlərinə yükləmk mümkün idi. 1984-cü ildə “Sequoia Capital” şirkətə maliyyə yardımı etdi. 1984 və 1985-ci illərdə VBİS-in müvafiq olaraq dördüncü və beşinci versiyaları işıq üzü gördü.

1986-cı ilin martında “Oracle” şirkəti “NASDAQ” birjasında təxminən 2,1 milyon səhminin ilkin yerləşdirilməsini həyata keçirdi. O zaman şirkətdə 450 əməkdaş işləyirdi, illik dövriyyənin həcmi isə 55 milyon dollar təşkil edirdi.

1987-ci ildə o zaman şirkətin faktiki olaraq yeganə məhsulu olan VBİS ilə sıx inteqrasiya edilmiş tətbiqi proqram təminatının yaradılmasına yönəldilmiş biznes-tətbiqlər bölməsi yaradıldı. Şirkətin qərargahı 1989-cu ildə Kaliforniyada yerləşən Redvud-Şors bina kompleksinə köçürüldü, şirkətin dövriyyəsinin həcmi isə 584 milyon dollar təşkil edirdi.

Şirkət 1990-cı ildə ilk dəfə olaraq maliyyə çətinlikləri yaşadı. Şirkət həmin il 12,4 milyon dollar həcmində ziyana məruz qaldı  və 400 əməkdaşını işdən çıxardı. Məlumat üçün bildirim ki, o zaman şirkətdə təxminən 4000 əməkdaş çalışırdı.
 
Şirkət 1992-ci ildə “Oracle Database”-in 7-ci versiyasını istifadəyə verdi. 7-ci versiyada triggerlər, saxlanılan prosedurlar dəstəklənirdi. Şirkət 1994-cü ildə “DEC”-dən “Rdb” VBİS-i hazırlayan bölməni satın aldı və məhsul üzərində bütün hüquqlara malik oldu. Korporasiya bundan sonra bir neçə VBİS tədarük etməyə başladı.

1997-ci ildə “Oracle Database”-in 8-ci versiyası istifadəyə verildi. Bu versiyadan etibarən obyekt yönümlü planlaşdırma və proqramlaşdırmanın elementləri dəstəklənməyə başladı.

“Oracle” şirkəti 1998-ci ildə inteqrasiya edilmiş “ERP” paketlərinin  aparıcı istehsalçıları arasında öz biznes-tətbiq dəstini veb-çıxışla təchiz etdi, beləliklə, “ERP”-sistemdə istənilən əməliyyatı brauzerdən həyata keçirmək mümkün oldu. 2001-ci ildə çıxarılmış “Oracle Database”-in 9i versiyasında verilənlər bazasının  qruplaşdırılması kimi imkan reallaşdırıldı.

“Oracle” korporasiyası 2004-cü ilin sonunda “PeopleSoft”, 2006-cı ildə isə “Siebel” şirkətini satın aldı. Şirkət 2006-cı ildən etibarən azad proqram təminatı sahəsinə fəal maraq göstərir. Belə ki, 2006-cı ilin fevralında elan edilmişdi ki, korporasiya 600 milyon dollara ən azı 3 azad proqram təminatı istehsalçısı satın almağı planlaşdırır.

“Oracle” şirkəti azad proqram təminatı istehsalçılarından yalnız “Sleepycat” (“Berkeley DB” istehsalçısı) və “Innobase” şirkətlərini satın ala bildi.
 

EMİL




Baxış sayı: 923

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024