12px13px15px17px
Tarix:16/06/12

İyulun 1-dən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılacaq

2012-2013-cü tədris ilində də ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu müsabiqə yolu ilə və elektron proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək. Artıq növbəti tədris ili üçün ümumi təhsil müəssisələrində və peşə liseylərinə vakant yerlərə müəllimlərin işə qəbulunun təşkili barədə təhsil naziri Misir Mərdanov yeni əmr imzalayıb. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) (2009-2014-cü illər) “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt-komponenti üzrə İcra Planında müəllimlərin işə qəbulu üzrə yeni qaydaların hazırlanması nəzərdə tutulub, bu məqsədlə beynəlxalq təcrübədə mövcud olan daha çevik mexanizmlərin öyrənilməsi istiqamətində son üç ildə araşdırmalar aparılıb: “Təhsil Nazirliyinin 03.12.2011-ci il tarixli kollegiya iclasında 2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri geniş müzakirə olunub.

Bu sahədə mükəmməl qaydaların işlənib hazırlanması və daha çevik mexanizmin yaradılması, elektron proqram təminatının təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edilib. Kollegiya qərarının icrası ilə bağlı ötən müddət ərzində bir sira tədbirlər həyata keçirilib, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri və peşə liseylərinin pedaqoji kadrlara tələbatının müəyyənləşdirilməsi və işə qəbulun tənzimlənməsi Qaydaları” işlənib hazırlanıb”.

Eyni zamanda, müəllimlərin işə qəbulu ilə bağlı elektron proqram təminatının təkmilləşdirilməsi istiqamətində iş aparılıb, proqrama yeni modulun daxil edilməsi təmin olunub ki, bu da müsabiqənin daha şəffaf keçirilməsinə zəmin yaradır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 24.11.2011-ci il tarixli 191 nömrəli qərarının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən “Elektron xidmətlərin təşkili barədə 01.03.2012-ci il tarixli, 324 nömrəli əmrində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu və imtahanların nəticələrinin nazirliyin internet saytında yerləşdirilməsi nəzərdə tutulub.

Bu istiqamətdə hazırlıq işləri aparılıb, 1 iyul 2012-ci il tarixdən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu üçün bütün zəruri tədbirlər görülüb: “2012-2013-cü tədris ilində ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə və elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilməsinin təşkili məqsədilə verilən əmrə görə, 2012-2013-cü tədris ilində ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu ilə həyata keçiriləcək”.

Müəllimlərin işə qəbulunda elektron xidmət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq bu prosesi tənzimləyən sənədlərə gəlincə, buraya “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə reqlament” və ona əlavələr - “Vakant yerlər barədə məlumat forması”, “Elektron ərizə forması”, “Namizədlər tərəfindən vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat” daxildir.

Bundan başqa, əmrə əsasən, “Müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları”, “Test suallarının cavablandırılmasına dair təlimat”, “Boş qalan yerlərə əlavə yerləşdirmə üçün müsabiqə iştirakçılarından keçid balını toplayanların müraciət formasına dair təlimat” da təsdiqlənəcək.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirilməsi ilə bağlı elektron proqram təminatı və texniki hazırlıq məsələlərinin “ULTRA” şirkəti ilə birlikdə yerinə yetirilməsini təmin etməli, həmçinin “Təlim mərkəzi”ndə imtahanların keçirilməsi üçün zəruri təşkilati məsələləri həyata keçirməlidir.

Nazirliyin Texniki peşə təhsili şöbəsi isə peşə liseylərində ümumi təhsil fənləri üzrə vakant müəllim yerləri barədə məlumatların toplanmasını və təhlilini apararaq müvafiq formada Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim olunmasını təmin edəcək. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi isə iyul ayının 1-dək vakant yerlər barədə məlumatların nazirliyin rəsmi internet saytında və “Azərbaycan müəllimi” qəzetində verilməsini təşkil edəcək.

Bu şöbə müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə “Test bankı”nın hazırlanmasını da təmin etməlidir. Həmçinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi işə qəbulun keçirilməsi üçün müsabiqə komissiyasının və Apelyasiya Komissiyasının tərkibini müəyyənləşdirib təsdiqə təqdim etməlidir.

Sözügedən şöbə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin nəticələrinin nazirliyin rəsmi internet saytında yerləşdirilməsini, təsdiq olunmuş siyahıların müşayiətedici məktubla yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə göndərilməsini də təmin edəcək. Bundan başqa, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi, Xüsusi şöbə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin “Tələbə-məzun bazası”nın köməyi ilə yoxlanılıb təsdiqlənməsini təmin etməlidirlər.

İctimaiyyətlə əlaqə şöbəsi isə nazirliyin internet saytında “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsinin açılmasını, bu əmrin və əlavələrin, işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş digər məlumatların həmin səhifədə yerləşdirilməsini, müəllimlərin işə qəbulu üzrə vakant yerlər haqqında məlumatın “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin edəcək. Əmrin icrasına nəzarət isə nazir Misir Mərdanov tərəfindən aparılacaq.
 
Həqiqət İSABALAYEVA
 




Baxış sayı: 3170

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024