12px13px15px17px
Tarix:18/06/12

Uşaq evlərinə xüsusi proqram təminatına malik intellektual oyun avadanlıqları hədiyyə edilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə "Microsoft"un Azərbaycan nümayəndəliyinin birgə layihəsi çərçivəsində  Bakıda fəaliyyət göstərən uşaq evlərinə xüsusi proqram təminatına malik intellektual oyun avadanlıqları hədiyyə edilib.

Bu məqsədlə nazirlikdə təşkil olunan mərasimi açıq elan edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə sağlamlıq imkanları məhdud olan uşaq evləri üçün nəzərdə tutulan layihənin uşaqların intellektual inkişafında xüsusi yeri olacağını bildirdi. Nazir müavini bu avadanlıqların şirkət tərəfindən "BakuTel" sərgisində nümayiş etdirildiyini və yenilikləri ilə sərgi iştirakçılarının böyük marağına səbəb olduğunu qeyd edib.

"Microsoft" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov belə layihələrin həyata keçirilməsinin uşaqların intellektual səviyyəsinin artırılmasında böyük rolu olduğunu qeyd edib.

Oyun avadanlıqlarının əvvəlkilərlə müqayisədə böyük üstünlüklərə malik olduğunu bildirən R.Hacıəlibəyov burada uşaqların fiziki hərəkətləri ilə özlərini oyun zonasında təsəvvür etmək imkanlarının olduğunu deyib. Məsələn, bolinq oynamaq istəyən iştirakçı xəyali olaraq əli ilə şarı vurmaq imkanına malikdir və uşaq fiziki hərəkətlər edərək sanki özünü oyun zonasında təsəvvür edir.

Nazirliyin foyesində tədbirdə iştirak edən uşaqlara  oyun avadanlıqlarının texniki imkanları nümayiş etdirildi.

Sonda hədiyyələr 2 saylı internat evinin, 3 saylı uşaq evinin, valideyn himayəsindən məhrum olan uşaqlar üçün 4 saylı uşaq evinin, "Ümid yeri" uşaq sığınacağının, "Sos" Uşaq Kəndləri-Azərbaycan Assosiasiyasının nümayəndələrinə təqdim olundu.

Tədbirdə çıxış edən uşaq evlərinin nümayəndələri və  burada məskunlaşan uşaqlar  onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

RƏVAN




Baxış sayı: 1122

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024