12px13px15px17px
Tarix:18/06/12

Elektron kadastr xəritələrinin hazırlanması üçün beynəlxalq təcrübə öyrənilir

Daşınmaz əmlakın dövlət reyestri və vahid kadastrının aparılmasının müasir standartlar əsasında qurulması, dövlət əmlakının idarə edilməsinin daha da təkmilləşdirilməsi, özəlləşdirilmənin sürətləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsinin artırılması üçün ardıcıl tədbirlər həyata keçirilir.

Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən mütəmadi olaraq inkişaf etmiş ölkələrin təcrübələri öyrənilir və onun müsbət cəhətlərinin komitənin fəaliyyətində tətbiqi məsələlərinə xüsusi diqqət yetirilir.

"İCTnews" elektron xəbər xidmətinə ƏMDK-dan bildirilib ki, təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə qarşılıqlı səfərlər də təşkil edilir: "Beynəlxalq təcrübənin tətbiqi və öyrənilməsi, habelə bu sahədə komitə işçilərinin bilik və peşəkarlığının daha da artırılması məqsədilə xarici ekspertlərin iştirakı ilə respublikanın paytaxtı ilə yanaşı, ölkənin ayrı-ayrı regionlarında dövlət əmlakının idarə edilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılması və vahid kadastrının tərtibi mövzularında seminarlar təşkil edilir.

Bu istiqamətdə komitə tərəfindən növbəti seminar Gəncə şəhərində "Dövlətin daşınmaz əmlakının idarə edilməsi sahəsində xarici ölkələrin təcrübəsi" mövzusunda seminar keçirilib". Tədbir komitənin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Almaniyanın federal dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsinə məsul olan qurumu ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Tədbirdə Almaniyada və digər Avropa ölkələrində daşınmaz dövlət əmlakının idarə edilməsinin təşkili, daşınmaz əmlaka ictimai ehtiyacların müəyyən edilməsi, əmlakın qiymətləndirilməsi və icarəyə verilməsi mexanizmləri sahəsində beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib.

Eyni zamanda, dövlət əmlakından istifadənin dayanıqlı inkişaf tələblərinə uyğun dünya praktikasına əsasən həyata keçirilməsi məsələləri açıqlanıb, dövlətə məxsus daşınmaz əmlakın səmərəli istifadəsi ilə bağlı xaricdə toplanılmış ən yaxşı təcrübələr və onların tətbiqi qaydaları şərh edilib.

Qeyd edək ki, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi ölkədə elektron kadastr xəritələrinin hazırlanmasını və bu sahənin avtomatlaşdırılmasını nəzərdə tutur. Nəticədə ölkə üzrə mərkəzləşdirilmiş vahid kadastr məlumat bankı formalaşdırılır ki, ondan da informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə istifadə etmək mümkün olacaq.

Daşınmaz əmlakın kadastrının yaradılması daşınmaz əmlak obyektlərindən tam və səmərəli istifadəyə imkan verir. Belə ki, respublika prezidentinin 2010-cu il tarixli fərmanı ilə "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları" təsdiqlənib.

Bu, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydalarını, bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın texniki inventarlaşdırılmasını, qiymətləndirilməsini və daşınmaz əmlakın vahid dövlət kadastr uçotuna alınmasını nəzərdə tutur.

Qaydalarda daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsinin və aparılmasının prinsipləri, bu kadastrın strukturu, obyektlərin vahid kadastr uçotuna alınması mərhələləri göstərilir. Həmçinin bu qaydalarla daşınmaz əmlak obyektlərinin formalaşdırılması, habelə formalaşdırılan obyekt üçün kadastr planlarının tərtibinə dair qaydalar, həmçinin daşınmaz əmlakın vahid dövlət kadastrının mərkəzləşdirilmiş məlumat bazasından istifadə üsulları müəyyənləşdirilir.

Bu qaydaların tətbiqi nəticəsində mülkiyyət mənsubiyyətindən asılı olmayaraq, ölkədəki bütün növ daşınmaz əmlak obyektləri barədə müfəssəl vahid kadastr məlumat bazası yaradılır. Bu vahid kadastr məlumat bazası bələdiyyələrə,  yerli və mərkəzi icra hakimiyyəti orqanlarına əmlakla bağlı səmərəli idarəetmə sistemini təşkil etməyə imkan verir.

Həmçinin qaydalar qanunla əldə edilməsi məhdudlaşdırılan məlumatlar istisna olmaqla, daşınmaz əmlakın vahid dövlət kadastrının məlumatlarının açıq olması, kadastrın kağız və elektron daşıyıcılarda aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi zamanı məlumatların toplanması ilə bağlı fəaliyyətin həyata keçirilməsinə icra hakimiyyəti və yerli özünüidarə orqanları, eləcə də fiziki və hüquqi şəxslər tərəfindən şərait yaradılmasını nəzərdə tutur və s.

ƏMDK-dan bildirilib ki, komitə bundan sonra da müvafiq istiqamətlər üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsini davam etdirəcək.
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 1497

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024