12px13px15px17px
Tarix:31/05/11

Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)

Mayın 20-də Vaşinqtonda keçirilən ikinci ABŞ-Azərbaycan informasiya və kommunikasiya texnologiyaları üzrə forumda Azərbaycanın informasiya texnologiyaları və kommunikasiya sektorunda biznes imkanları müzakirə edilib. ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilən forumda ABŞ-ın bu sahə üzrə aparıcı şirkətlərinin başçıları, Birləşmiş Ştatların iqtisadi nazirliklərinin nümayəndələri, Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və Dövlət Departamentinin rəsmiləri, eləcə də yerli media təmsilçiləri iştirak ediblər.
Azərbaycanın İKT sahəsində son nailiyyətlər və ABŞ-ın şirkətləri üçün respublikada geniş biznes və tərəfdaşlıq imkanları barədə ölkənin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ABŞ Dövlət Departamentinin beynəlxalq kommunikasiya və informasiya siyasəti üzrə əlaqələndiricisi Filip Vervir, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin sektor müdiri Aleksey Tixomirov və “Orbital Sciences” şirkətinin vitse-prezidenti Con Skot çıxış ediblər.
Forumu giriş sözü ilə açan Azərbaycan-ABŞ Ticarət Palatası idarə heyətinin həmsədri Ceyms Beyker bildirib ki, Azərbaycanın İKT sahəsi son illər ərzində sürətlə inkişaf edib. Təkcə 2010-cu ildə bu sahədə Azərbaycanda 32,1 faiz artım müşahidə olunub. İKT sahəsi Azərbaycan iqtisadiyyatının digər sahələrini geridə qoyub. Azərbaycanda 9 milyonluq əhalinin 7 milyonu mobil telefon istifadəçisidir. İnternetdən istifadə də ölkədə geniş yayılıb. C.Beyker vurğulayıb ki, bunlardan əlavə Azərbaycan hökumətinin 2012-ci ilədək öz peykini istifadəyə verməsi İKT sahəsində imkanların sərhədsiz olduğunu sübut edir. İKT yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının ən böyük sahəsi kimi neft-qaz sənayesini də geridə qoymaq iddiasındadır.
Azərbaycan hökumətinin informasiya və kommunikasiya texnologiyalarına böyük əhəmiyyət verdiyini qeyd edən Əli Abbasov deyib ki, Azərbaycanda İKT sahəsinin sürətlə inkişafı burada aparılan davamlı islahatlar və özəlləşdirmə, normativ qanunların təkmilləşdirilməsi, bazarın liberallaşması ilə bağlıdır. Hökumət tərəfindən xüsusi investisiya fondu qurularaq yerli şirkətlərə xarici tərəfdaşlarla iş birliyinə daxil olmaq imkanları yaradılır.
Ə.Abbasov bildirib ki, hazırda ABŞ-ın bir sıra nüfuzlu şirkətləri, o cümlədən CİSCO, İNTEL, HP Azərbaycanda fəaliyyət göstərir. Lakin Azərbaycan tərəfi İKT sahəsində iş birliyində ABŞ-ın iş adamlarının daha çox iştirakını görmək istərdi. Azərbaycanın “Transavrasiya Super İnformasiya Magistralı” tipli layihələrdə aparıcı rolu xarici sərmayəçilərə regional bazarda geniş imkanlar açır.
F.Vervir isə azərbaycanlı nazirin ABŞ-ın iş adamlarına təqdim etdiyi imkanlardan məmnunluğunu və bunlardan istifadə olunacağına əminliyini bildirib. Diplomat Dövlət Departamentinin qloballaşan dünyada ölkələr arasında daha sıx iqtisadi əlaqələri dəstəklədiyini, azad beynəlxalq ticarət və birbaşa sərmayələrin tərəfdarı olduğunu vurğulayıb. F.Vervir deyib ki, internet idarəetməsi işi üzrə növbəti Beynəlxalq Forumunun 2012-ci ildə Bakıda keçirilməsi Azərbaycanı İKT sahəsini geniş tanıtmaq üçün daha yaxşı imkanlar yaradacaq.
Səfir Y.Əliyev forum iştirakçılarına ABŞ-Azərbaycan iqtisadi münasibətlərinin cəmləşdiyi əsas sahələr - nəqliyyat, kənd təsərrüfatı, İKT–də birgə layihələr haqqında ətraflı məlumat verib. Diplomat diqqətə çatdırıb ki, Azərbaycanın ABŞ-dakı layihələrdə iştirakı maliyyə böhranı təsiri altında olan Birləşmiş Ştatların iqtisadiyyatında yeni iş yerləri yaradır. Belə ki, Azərbaycan peykinin qurulması haqqında ABŞ-ın “Orbital Sciences” şirkəti ilə razılıq Virciniya ştatında 1200 iş yerinin yaradılmasına səbəb olub. ABŞ-ın “Boinq” şirkətinin “Azərbaycan Hava Yolları” QSC-yə göstərdiyi təyyarə xidmətləri isə 11 mindən çox iş yeri yaradıb.
Y.Əliyev Azərbaycan Dövlət Neft Fondunun ABŞ-da 3 milyon dollar məbləğində yatırım etməsini də diqqətə çatdırıb.
ABŞ-ın iş adamlarına Azərbaycandakı biznes imkanlarından bəhrələnməyi tövsiyə edən A.Tixomirov bildirib ki, BMT-nin sorğularına əsasən, Azərbaycan iqtisadiyyatı postsovet məkanında ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Buna səbəb Azərbaycan rəhbərliyinin irəli sürdüyü iddialı və aydın iqtisadi strategiya, daxili sektorlararası səmərəli əməkdaşlıq, xüsusilə də İKT sahəsində proqramların həyata keçirilməsi, qonşu dövlətlərlə faydalı tərəfdaşlığın yaradılmasıdır. Azərbaycan Dövlət Neft Fondunun şəffaf idarəetməyə görə BMT tərəfindən mükafatlandırıldığını xatırladan A.Tixomirov respublikada hökumətin şəffaflığın artırılmasına yönəlmiş səylərini yüksək qiymətləndirib.
C.Skot Azərbaycan peykini quracaq heyətin adından azərbaycanlı həmkarlarına minnətdarlığını bildirib. Vitse-prezident vurğulayıb ki, bu məsələ ilə bağlı danışıqlar və birgə əməkdaşlıq zamanı Azərbaycan tərəfi yüksək peşəkarlıq nümayiş etdirib. C.Skot onun şirkətinə verilən imkana görə minnətdarlığını bildirib, amerikalı həmkarlarını Azərbaycana yatırımlar etmək barədə düşünməyi tövsiyə edib. Sonra forum iştirakçılarının sualları cavablandırılıb.
ABŞ-da işgüzar səfərdə olan Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Vaşinqtondakı iqtisadi forumda iştirak etməklə yanaşı bir sıra görüşlər də keçirib. Nazir ABŞ-ın Dövlət Departamenti, EXİM Bank, Beynəlxalq Telekommunikasiya Peykləri Təşkilatı və bir sıra agentliklərin yüksək səviyyəli rəsmiləri ilə müzakirələr aparıb, Azərbaycan peykini quraşdıracaq “Orbital Sciences” Korporasiyasının işi ilə tanış olub.
Nazirin işgüzar səfər proqramı Kaliforniyada davam etdirilir.





Baxış sayı: 3105

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024