12px13px15px17px
Tarix:25/06/12

Yeni çap edilən kitabların elektron versiyası ilə bağlı təklif verilib

"Yeni çap edilən kitablarla bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Milli Məclisə təklif vermişik. "Kitabxana işi haqqında" qanuna payız sessiyasında yenidən baxılacaq. Qanunda maddə var ki, nəşriyyatlar Azərbaycan Milli Kitabxanasına pulsuz, məcburi 4 nüsxə verməlidirlər. Təklif etmişik ki, 4 nüsxə 2 nüsxəyə endirilsin, bizim tərəfimizdən kitabın müəllif hüquqlarının qorunması, yəni kitabın kitabxanadan kənara çıxarılmaması şərtilə, 1 nüsxə də onun elektron versiyasını versinlər. Elektron versiyadan kitabxananın lokal şəbəkəsində istifadə olunsun".

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov məlumat verib. Onun sözlərinə görə, kitabxanada lokal şəbəkədən istifadə zalı yaradılıb: "Lokal şəbəkədən istifadə zalında 12 kompyuter qoymuşuq. Müəllif hüququ hansı kitabların internetə qoyulmasına icazə vermirsə, həmin kitabları bu zalda oxumaq mümkündür. Bu kompyuterlərdə fləş-kart yeri də yoxdur. Monitorda mətn üzərində düzəliş etmək, materialları fləş-karta yazmaq, köçürmək və ya e-maillə göndərmək mümkün deyil. Bu, müəllif hüquqlarını qorumaq deməkdir. Biz bu məsələnin həlli üçün belə çıxış yolunu tapmışıq. Kitabları lokal şəbəkədə olanda bəzən müəlliflər də bizə kompromisə gedirlər. Biz qanunu pozmuruq".

K.Tahirov deyir ki, gələcəkdə lokal şəbəkədən istifadə zalında kompyuterlərin sayının artırılması da nəzərdə tutulur: "Bu zala hələlik 12 kompyuter qoymuşuq, amma 24 kompyuterlikdir. Oxucu çoxaldıqca biz bu sayı artıracağıq. Hazırda oxucu çox azdır. Çünki o kitabları əsas oxuyanlar tələbələrdir. Bu zalı yaratmaqla, indi 12 adam bir dərsliyi eyni anda oxuyur. Əvvəl oxucu gəlib müəyyən dərsliyi istəyəndə isə növbə gözləmək lazım gəlirdi. Kitablar var ki, müəllimlərin tövsiyə etdiyi kitablara görə tələbələr növbəyə dururlar. Bəzən bir kitab üçün 20-30 nəfər eyni anda növbəyə durur. Bunu aradan qaldırmaq üçün yeganə yolumuz lokal şəbəkədən istifadədir".


AMK direktorunun sözlərinə görə, gənc oxucular elektron versiyaya daha çox üstünlük verirlər: "Kitabların elektron versiyası olanda məmnuniyyətlə oxuyurlar. Xüsusilə cavanlar kitabların elektron versiyasını oxumağı sevirlər. Bu, onlar üçün daha maraqlıdır. Bizim Elektron Kataloqumuz var. Əgər oxucu gəlib həmin kataloqda müəllifin bir kitabını axtarırsa, orada müəllifin bütün kitabları çıxır. Və ya mövzu axtarılarsa, ona aid bütün mövzular hamısı orada çıxır. Biz kitabları gizlətmirik, oxunmayan kitablar sadəcə oxucu marağından kənardır. Bu gün oxucunun ona ehtiyacı yoxdur".

K.Tahirov bu gün oxucuların marağının dəyişdiyini də deyir: "Oxucular bu gün tamam professionallaşıblar. Onlar ancaq dar çərçivədə öz ixtisaslarına aid kitab oxuyurlar. İndi oxucu konkret sorğu, konkret kitabla gəlir. Buna baxmayaraq, biz bütün kitabları təbliğ edirik. Məsələn, əgər kataloqda Səməd Vurğunun kitablarını axtarsanız, görəcəksiniz ki, onun əsərləri ilə yanaşı, Səməd Vurğun haqqında yazılan kitablar da ortaya çıxır. Yəni biz oxuculara digər kitablara da yönəlməsi üçün təbliğ etməyə çalışırıq ki, sorğusundan əlavə kataloqda başqa kitablar da var. Amma oxucu konkret sorğuya aid kitabı istəyir. Bu, bizim Elektron Kataloqun müsbət tərəfidir ki, yalnız oxucunun sifarişi üzrə kitab deyil, ona yaxın mövzuda kitabları da çıxarır. Bu, xüsusi Amerika sistemi və onun üstünlüklərindən biridir. Elə sistemlər var ki, yalnız istədiyin kitabı açır. Bizim sistemimiz isə bütün kitabların adlarını göstərir. Maraqlanan oxucu hamısı ilə maraqlana bilir. Amma onların çoxu elə kitablardır ki, oxucu onu oxumaq istəmir. Məsələn, iqtisadiyyata aid kitablar 90-ci illərdən o tərəfə olan kitablardırsa, oxucu onu heç açmır. Köhnə iqtisadiyyat olduğundan oxucu üçün o, artıq maraqlı deyil. Amma bu kitablar tədqiqatçılar üçün maraqlı ola bilər. Çünki kitabxananın oxucuları təkcə tələbələr deyil, buraya tədqiqatçılar da gəlir".

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1469

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024