12px13px15px17px
Tarix:28/06/12

AMEA-da Qətər nümayəndə heyətiylə İKT ilə bağlı müzakirələr aparılıb

AMEA Rəyasət Heyətində Qətərin İnformasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə Ali Şurasının baş katibi xanım Hessa Sultan əl-Cabirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Akademiyanın məlumatında deyilir.
 
Məlumatda bildirilir ki, görüşdə AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, prof. Rasim Əliquliyev, AMEA prezidentinin müavini, f.-r.e.n. Turab Əhmədov, Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl-Mannai iştirak ediblər.

Qonaqları salamlayan akad. Arif Həşimov AMEA-nın nəzdində fəaliyyət göstərən elmi tədqiqat müəssisələri və onların fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, bu ali qurumun əsas fəaliyyəti ölkədə aparılan irimiqyaslı islahatların elmi bazasını möhkəmləndirmək, onların intensiv həyata keçirilməsində dövlətə yardımçı olmaq, mövcud elmi-texniki potensialı qoruyub saxlamaq və inkişaf etdirməkdir.

Akademik Azərbaycanın elm siyasətini həyata keçirən AMEA-nın nəzdində 40-a yaxın institut və təşkilatın fəaliyyət göstərdiyini və burada 10 000-ə yaxın əməkdaşın çalışdığını, həmçinin doktorantura pilləsi üzrə yüksəkixtisaslı kadrların hazırlandığını diqqətə çatdırıb. A.Həşimov dövlətimiz tərəfindən elmi ixtiralara ayrılmış patentlər haqqında da danışıb.

Xanım Hessa Sultan əl-Cabir ölkəsində İKT sahəsində fəaliyyət göstərən universitetlərə böyük önəm verildiyini, elmə və alimlərə diqqət edildiyini söyləyib. O, Qətərin siyasi baxımdan Azərbaycanı hər zaman dəstəklədiyini və ölkələrimiz arasında İKT sahəsində davamlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Akademik T.Əliyev Azərbaycanda kibernetika sahəsində ilk tədqiqatların hələ 1952-ci ildə həyata keçirildiyini, 1958-ci ildən Azərbaycanda ilk universal rəqəmli elektron maşınların işə salındığını diqqətə çatdırıb.

Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində bu sahənin inkişaf etdirildiyini söyləyən akademik 2000-ci ildən bu sahədə böyük nailiyyətlərin əldə edildiyini, hazırda mürəkkəb dinamiki sistemlərdə optimal idarəetmənin nəzəri problemləri, stoxastik proseslərin robast texnologiyasının təhlili və identifikasiyasının nəzəri əsasları, toplanmış və paylanmış idarəetmə sistemlərində riyazi modelləşdirmənin, optimallaşdırmanın və qərar qəbuletmənin sistemli həlli, mürəkkəb idarəetmə sistemlərinin stoxastik modelləri, informatikanın texniki vasitələri, informasiya texnologiyaları və sistemləri, respublika iqtisadiyyatının əsas istiqamətlərinin inkişafını və perspektivlərini proqnozlaşdıran riyazi-iqtisadi modellərin işlənməsi istiqamətində elmi tədqiqat işlərinin aparıldığını bildirib.

İKT sahəsində AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdən söhbət açan AMEA-nın müxbir üzvü Rasim Əliquliyev institutun informasiya texnologiyaları və informasiya cəmiyyəti problemləri ilə məşğul olduğunu diqqətə çatdırıb.

Azərbaycanda biliklər cəmiyyətinin formalaşması istiqamətində problemlərlə bağlı ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyini vurğulayan alim hazırda respublikamızda informasiya və bilik bazarının formalaşmasına və inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, İKT xidmətlərinin genişləndirilməsinə böyük diqqət yetirildiyini qeyd edib. O bildirib ki, informasiya cəmiyyətinin bərqərar olduğu, insan resurslarının, elm və texnologiyanın iqtisadi inkişafda həlledici rol oynadığı müasir dövrdə informasiya texnologiyaları çox böyük sürətlə inkişaf edərək həyatın bütün sahələrinə sürətlə sirayət edir.

Ölkəmizdə dövlət siyasəti çərçivəsində mühüm layihələrin həyata keçirildiyini bildirən R.Əliquliyev əqli əməyə yönümlü cəmiyyətə keçidin elm və təhsil sahəsində bütün ənənəvi modellərin transformasiyasını gündəmə gətirdiyini vurğulayaraq, rəhbərlik etdiyi institutun texnopark modelinə müvafiq fəaliyyət göstərdiyini və biliklər iqtisadiyyatının bərqərar olunması istiqamətində ölkələrimiz arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyini qeyd edib.

Alim ölkəmizdə "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasında AMEA-nın müvafiq təşkilatlarının, eləcə də İnformasiya Texnologiyaları İnstitutunun yaxından iştirak etdiyini, sözügedən konsepsiyanın alimlərimizin qarşısında mühüm vəzifələr qoyduğunu diqqətə çatdırıb. Cari ilin sentyabr ayında Bakıda keçiriləcək "Kibernetika və informatika problemləri" (PCI’2012) IV Beynəlxalq konfransı ilə bağlı məlumat verib.
 
CAHANGİR




Baxış sayı: 1254

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024