12px13px15px17px
Tarix:29/06/12

Biz internetdə necə və hansı silahlarla “döyüşürük?”

Ölkəmizin üzləşdiyi təcavüz təkcə torpaqlarımızın 20 faizinin itkisi ilə bağlı deyil. Uzun illər təcavüzkar Ermənistan beynəlxalq aləmdə Azərbaycan barədə, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti əks etdirməyən informasiyalar yaymaqla yanlış rəy yaratmağa nail olmuşdu. Deməli, bu müharibə həm də informasiya müharibəsidir.

Yeni dünyanın yeni savaş formasından Azərbaycan düşmən ölkə ilə müqayisədə bir qədər gec yararlanmağa başladı. Ancaq demək lazımdır ki, məhz son illər ərzində ölkəmiz bu istiqamətdə əsaslı dönüşə nail olub.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin olduqca önəm verdiyi – beynəlxalq imic, Azərbaycan həqiqətlərinin dünyaya çıxarılması prioriteti son illər ərzində uğurla həllini tapmaqdadır. Bu baxımdan dövlət səviyyəsində ən müxtəlif istiqamətlərdə görülən tədbirlər nəticəsiz qalmır – artıq dünya kimin kim olduğunu, hansı yolu tutduğunu yaxşı bilir.
 
İnformasiya savaşında internet resurslarının rolu nədən ibarətdir?
 
Faktdır ki, dünya internet əsrində yaşayır. İstənilən informasiya istənilən məsafədə əlçatandır. "Hörümçək toru"nun imkanlarından istifadə edərək dünyanın dörd bir yanı barədə informasiyaları masamıza qədər gətirə bilirik. İnformasiya müharibəsi şəraiti isə dünya üçün yeni şərtlər diktə edir – hər kəs, hər bir güc mərkəzi, hər bir ölkə özü haqqında daha pozitiv informasiyaların bu məkanda yer almasında maraqlıdır. Təbii ki, qlobal şəbəkədə rəqiblərin "vurulması", onlar haqqında neqativ məlumatların, faktların çoxaldılması da bu savaşın elementidir.

Danılmazdır ki, bu gün informasiyanın dövlətin ictimai-siyasi həyatındakı rolu o qədər böyükdür ki, heç bir silahın gücü onunla müqayisə olunmur. Artıq insanların şüuru uğrunda savaş əhəmiyyət kəsb edir ki, burda da silah yox, informasiya rol oynayır. Təcrübə göstərir ki, informasiya savaşı vasitəsi ilə hərbi qələbəni məğlubiyyətə, hərbi məğlubiyyəti isə qələbəyə çevirmək mümkündür.
 
 
Bizim internetdəki Qarabağ
 
Ermənistan-Azərbaycan münaqişəsinin mühüm aspektlərindən biri də, artıq qeyd etdiyimiz kimi, "informasiya savaşı" çərçivəsində internet məkanında gedən müharibədir. Cəbhədə olduğu kimi, qlobal internet şəbəkəsində də  "informasiya savaşı" davam edir. Münaqişə ilə bağlı məlumatları dünyaya çatdırmaq baxımdan əhəmiyyətli olan bir neçə internet resurs olsa da, hələ də bu istiqamətdə təkmilləşdirmələrə, xarici dillərdə olan yeni-yeni saytlara ehtiyac duyulur. İnternet məlumat kütləsi içərisində çoxdilli məlumatların artırılması zərurəti ilə yanaşı, ixtisaslaşmış portallara da gərək var.
Təsadüfi deyil ki, bu məsələ dövlət səviyyəsində də narahatlıq doğurur.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş  "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə "Virtual Qarabağ" adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması tapşırılıb.

Hazırda bu istiqamətdə işlər aparılır. İnternet resurslarının təhlili isə göstərir ki, hazırda Qarabağla bağlı həqiqətləri dünyaya çatdıran ən optimal resurs "garabagh.net" saytıdır.  Bir qədər təşəbbüskar yanaşaraq söyləmək olar ki, dövlət proqramı çərçivəsində yaradılacaq yeni internet portal üçün məhz "garabagh.net"i nümunə kimi qəbul etmək olar. Və ya yeni sayt üçün bu portalı baza kimi dəyərləndirmək olar.

7 dildə (Azərbaycan dilindən başqa ingilis, alman, rus, türk, fransız, ispan dillərində) fəaliyyət göstərən bu portal 40-a qədər bölmədən ibarətdir. Saytın dünyanın aparıcı yeddi dilində təqdimatı onun beynəlxalq səviyyədə geniş istifadə imkanlarını təmin edir.

İT mütəxəssisləri hesab edir ki, sayt texniki baxımdan uyğun bir şəkildə hazırlanıb. İnternet resursun xarici görünüşü, naviqasiya sistemi və istifadə üçün  rahatlığı müasir tələblərə cavab verir. Lazım gəldikdə yeni texnologiyalara keçmək üçün inteqrasiya edilə biləndir.
 
Həmçinin sayt istifadəçilərinin imkanı var ki, Qarabağa dair təkcə yazılı yox, vizual informasiyalar da əldə etsin.

Mütəxəssislərin fikrincə,  internet istifadəçiləri üçün onları maraqlandıran mövzu ilə bağlı bütün məlumatların bir mənbədə cəmlənməsinin əhəmiyyəti böyükdür. İndiki halda istifadəçilər "garabagh.net" saytını tərk etmədən Qarabağ barədə çox şeyi öyrənə bilər. Mütəxəssislərə görə, bu formatda və 7 dildə internet resursu xüsusən  Qarabağ barədə araşdırma aparan yerli və xarici tədqiqatçılar, jurnalistlər və ölkəmizlə bağlı maraqlanan digərləri üçün xeyli əlverişlidir.

Ermənilərin Qarabağı "müstəqil dövlət" və ya erməni torpağı kimi təbliğ etmək üçün bütün vasitələrdən, o cümlədən internetdən geniş istifadə etdiyi bir vaxtda "garabagh.net" düşmən təbliğatına tutarlı cavabdır. İndi yalnız bir şey qalır: saytın dünya çapında təbliği, tanıdılması və beləliklə, Qarabağımızla bağlı əsas informasiya mənbəyi kimi əcnəbilərin də istinad etdiyi resursa çevrilməsi.




Baxış sayı: 1398

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024