12px13px15px17px
Tarix:29/06/12

"Dünya mediaları: XXI əsrin çağırışları" Ümumdünya Sammiti keçiriləcək

İyulun 4-dən 7-dək Moskvada "Dünya mediaları: XXI əsrin çağırışları" şüarı altında Ümumdünya Media Sammiti keçiriləcək.

Moskva forumunun iştirakçıları 2004-cü ildə Moskvada Ümumdünya İnformasiya Agentlikləri Konqresi və 2009-cu ildə Pekində keçirilmiş Ümumdünya Media Sammiti çərçivəsində qaldırılan mövzuların müzakirəsini davam etdirəcəklər.

Ümumdünya Media Sammitinin keçirilməsi təşəbbüsü Rusiya rəhbərliyinin dəstəyini qazanıb. Forumun işində Rusiya prezidenti Vladimir Putinin iştirakı gözlənilir.
Sammitin ideyası BMT və YUNESKO rəhbərliyi və beynəlxalq media birlikləri rəhbərlərinin müsbət rəyini alıb.

"Biz hər birimizin üzərinə böyük məsuliyyət qoyan peşəmizin bir çox məsələlərini müzakirə etmək istəyirik. Bunlar böyük və kiçik mövzulardır: dünya informasiyasının gələcəyi, onun yüksək dinamikalı dünyada missiyası, ənənəvi və yeni mediaların münasibəti, jurnalistlərin təhlükəsizliyi, media mühitdə sosial və peşəkar məsuliyyətin irəliləməsi, fəaliyyətimizin maliyyə və digər aspektləri", - "İTAR-TASS"-ın baş direktoru, Moskvada Ümumdünya Media Sammitinin təşkilat komitəsinin sədri Vitali İqnatenkonun müraciətində deyilir.

O, əminliyini bildirib ki, sammit qlobal çağırışlara cavabların axtarışı üçün vacibdir. Bu qlobal çağırışlar kütləvi informasiya vasitələri qarşısında qlobal dünya, onun artan mobilliyi, iqtisadi sarsıntıları, bəzən barışmaz regional münaqişələri kimi məsələləri qoyur.

Qeyd edək ki, Ümumdünya Media Sammitində dünyanın aparıcı KİV-nin rəhbərləri və bu sahədə nüfuzlu ekspertlər, o cümlədən "AzərTAc"-ın baş direktoru Aslan Aslanov, "Trend" İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov və "Azerbaydjanskie izvestiya" qəzetinin baş redaktoru Gülnarə Hüseynova iştirak edəcəklər.

Forum çərçivəsində "XXI əsrin informasiya çağırışları və dünya KİV-ləri: qarşıdurma və inqilablar şəraitində KİV-in rolu", "KİV-in iqtisadi böhran şəraitində yaşaması modeli. Dövlətin və biznesin rolu", "Gələcəyin informasiyası: ənənəvi KİV-in transformasiyasının əsas meyilləri" mövzularında plenar iclaslar keçiriləcəkdir.

İştirakçılar seksiya iclaslarında "Elektron KİV-lər: modellərin müxtəlifliyi, yoxsa informasiyaya dünya inhisarı? ", "Sosial media və internet: kütləvi manipulyasiya, yoxsa cəmiyyətin inteqrasiyası vasitələri?", "Biznes və KİV-lər: tərəfdaşlar, yoxsa sahibkarlar?", "Dəyişən dünyada jurnalist etikası: yol verilən hədd və jurnalistin hüquqları" mövzularını müzakirə edəcəklər. Forum çərçivəsində "Şərq və Qərb: nə üçün dünyanı müxtəlif cür görürük ?" və "Rusiya jurnalistlərin gözü ilə: kənardan baxış qərəzli, yoxsa obyektivdir?" mövzularına həsr olunmuş "dəyirmi masa"lar keçiriləcəkdir.




Baxış sayı: 817

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024