12px13px15px17px
Tarix:29/06/12

“ICTnews” elektron xəbər xidmətinin əməkdaşı “Elektron Təhsil” Respublika Müsabiqəsinin qalibi oldu

Təhsil Nazirliyində "Elektron Təhsil" Respublika Müsabiqəsinin yekunları ilə bağlı mərasim keçirilib. Mərasimdə Azərbaycanın təhsil sahəsində keçirilən ən genişmiqyaslı müsabiqənin qalibləri elan edilib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, mükafatlandırma mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov müsabiqənin məqsədindən söz açıb.

Nazir bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində elektron tədris resurslarından, internet texnologiyalarından istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və internetdən fəal istifadə edən müəllimləri həvəsləndirməkdir.

Qeyd edək ki, "Azərbaycan Respublikasında 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən müsabiqə "Microsoft Azərbaycan", "İntel" korporasiyasının "Gələcək üçün təhsil" proqramı, AZEDUNET, "Ultra", "Nar Mobile", "HP", "Mədəd" təşkilatları tərəfindən dəstəklənir. Müsabiqə "Elektron tədris resursları" və "Təhsildə İnternet texnologiyalar" istiqamətləri üzrə təşkil olunub. "Elektron tədris resursları"  istiqaməti üzrə qaliblər  "Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı  metodika", "İbtidai təhsildə İT-dən istifadə üzrə ən yaxşı metodika", "İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən  yaxşı  modeli" nominasiyaları üzrə müəyyən edilib.

"Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı  metodika" nominasiyası üzrə qalib Bakı şəhəri 225 saylı məktəbin müəlliməsi Sevinc Babayeva, "İbtidai təhsildə İT-dən istifadə üzrə ən yaxşı metodika" nominasiyası üzrə Bərdə rayonu Z.Əliyeva adına liseyin müəlliməsi Püstə Həsənova, "İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən  yaxşı  modeli" nominasiyası üzrə Bakı şəhəri Avropa liseyinin müəlliməsi Olqa Hümbətova qalib müəyyən olunub.

"Təhsildə İnternet texnologiyalar" istiqaməti üzrə qaliblər isə "Təhsildə İnternet resurslar" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə müəyyən olunub. "Təhsildə İnternet resurslar" nominasiyası üzrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müxbiri, "ICTnews" elektron xəbər xidmətinin əməkdaşı Emil Hüseynov qalib gəlib. "Müəllimlərin bloqları" nominasiyası üzrə isə Bakı şəhəri 238 saylı məktəbin müəlliməsi Solmaz Süleymanova qalib elan edilib. "Elektron Təhsil" Respublika Müsabiqəsində iştirak edən "Ən aktiv region məktəbi" nominasiyası üzrə də qalib müəyyən edilib. Bu mükafata "Elektron Təhsil" Respublika Müsabiqəsinə 29 resurs göndərərək, birinciliyi qazanan Gəncə şəhərinin 38 saylı orta məktəbi layiq görülüb.  Artıq üçüncü dəfə keçirilən müsabiqədə bu il 817 layihə iştirak edib. Onların sırasından 112 nominant seçilib.
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 1670

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024