12px13px15px17px
Tarix:02/07/12

RİTN yeni e-xidmətlərin tətbiqinə başlayıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanının icrası məqsədilə yeni elektron xidmətlərin tətbiqinə başlayıb.

Bu elektron xidmətlər nazirlik tərəfindən qanunvericiliyə müvafiq olaraq ümumilikdə 11 fəaliyyət növünə (telekommunikasiya və poçt xidmətləri, biometrik texnologiyaların yaradılması, fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və s.) lisenziyanın, habelə nömrə resurslarının ayrılması, təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin ölkədə yayılmasına, ixrac nəzarətinə düşən mallar üzrə və müəyyən əşyaların dövriyyəsinə xüsusi icazələr verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsini nəzərdə tutur.

Hüquqi və fiziki şəxslər nazirliyin “www.mincom.gov.az”  internet saytının “Elektron xidmətlər” bölməsinə və ya “ www.e-gov.az ” e-hökumət portalına daxil olaraq  müvafiq fəaliyyət növünü seçir və həmin fəaliyyət növünə uyğun olaraq açılan müraciət formasına elektron imzaları ilə təsdiq etdikləri ərizələri  və müvafiq sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərirlər.

Bundan sonra onların e-poçtlarına müraciətlərinin statusu, təqdim edilmiş sənədlərdəki çatışmazlıqlar, qəbul edilən qərarlar və s. barədə bildiriş göndərilir.

Bu elektron xidmətlərlə inzibati prosedurlar elektron formada həyata keçirilir və yalnız yekunda qanunvericiliyə uyğun olaraq lisenziyalar və icazələr fiziki şəxslərə şəxsən, hüquqi şəxslərin isə səlahiyyətli nümayəndəsinə imza etdirilməklə verilir.

Fərmanın tələblərindən irəli gələrək, xidmətlərin göstərilməsi zamanı bəzi zəruri sənədlər müraciət edən şəxslərdən istənilmir və həmin sənədlər barədə məlumat elektron sorğular əsasında aidiyyəti dövlət orqanlarının informasiya ehtiyatından əldə edilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq göstərilən xidmətlərin elektron formada təşkili istiqamətində zəruri tədbirlər davam etdirilir və yaxın zamanda telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatının verilməsi və radiorabitə vasitələrinin qeydiyyatı ilə bağlı yeni elektron xidmətlər istifadəyə veriləcək.  




Baxış sayı: 922

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024